Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-04-11,
Seanews
Heyder Eliyev

Dünyada ilk: Dəniz tikintisində bünövrə sütunları tam səssiz və ekoloji təmiz üsulla quraşdırılıb

Niderlandın dəniz mühəndisliyi nəhəngi “Van Oord” Şimal dənizindəki "Ecowende" külək ferması layihəsində dünyada ilk dəfə olaraq monopaylların (bünövrə sütunlarının) tamamilə səssiz və ekoloji təmiz üsulla quraşdırılmasını həyata keçirib. Bu uğur dəniz tikintisi zamanı yaranan səs-küyün dəniz canlılarına mənfi təsirini minimuma endirmək istiqamətində mühüm mərhələ hesab olunur.

“Seanews.az” xəbər verir ki, bu layihədə "GBM Works" şirkətinin VibroJet® texnologiyasından istifadə edilib. Bu sistem təməl sütununun daxilində idarə olunan su şırnaqları yaradaraq torpağı "axıcı" hala gətirir və müqaviməti azaldır. Eyni zamanda, "CAPE Holland"ın vibro-qaldırıcı aləti şaquli vibrasiyalar vasitəsilə monopaylın öz çəkisi ilə dəniz dibinə batmasını təmin edir. Nəticədə, ənənəvi zərbəli çəkiclərdən istifadəyə ehtiyac qalmır və sualtı səs-küy kəskin şəkildə azalır.

Quraşdırma işləri “Van Oord”un ən yeni və müasir gəmisi olan "Boreas" tərəfindən icra olunub. Layihə direktoru Yan Villem Ellesvejk bildirib ki, Hollandiya sahillərindəki sərt qum təbəqələrində bu texnologiyanın uğurla tətbiqi səssiz quraşdırma metodlarının artıq tam formalaşdığını sübut edir.

Bu metod dəniz məməlilərini (balinalar, delfinlər) qorumaqla yanaşı, həm də tikinti sürətini artırır. Toplanan məlumatlar gələcəkdə bütün dünyada aşağı səs-küylü quraşdırma standartlarının müəyyən edilməsində istifadə olunacaq. Layihənin 2026-cı ilin sonuna qədər tam istismara verilməsi planlaşdırılır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır