• Bakı, 2020-05-25,
Seanews
Heyder Eliyev

Dənizçilik Kollecinin direktoru 60 illik yubileyini qeyd edir

Bu gün Azərbaycan Dövlət Dəniz Akademiyasının tərkibində olan Azərbaycan Dənizçilik Kollecinin direktoru Namiq Ağamalıyevin 60 illik yubileyidir. Namiq Ağamalıyev 1960-cı il yanvarın 14-də Bakı şəhərində doğulub.

1971-1977-ci illərdə Cəmşid Naxçıvanski adına orta ixtisaslaşdırılmış hərbi məktəbdə oxuyub. 1977-1982-ci illərdə  S.M.Kirov adına Ali Hərbi Dənizçilik Məktəbində “Gəmi sürücülüyü” fakültəsində təhsil alıb.  O, burada mühəndis-gəmi sürücüsü peşəsinə yiyələnib.         

Təhsilə hər zaman böyük önəm verən Namiq Ağamlıyev 2006-cı ildə Bakı Dövlət Universitetinin Hüquq fakultəsinə sənədlərini verib, 2010-cu ildə buradakı təhsilini müvəffəqiyyətlə başa vurub.                       

7 il fasiləsiz gəmi kapitanı vəzifəsində çalışan Namiq Ağamalıyev 1999-cu ildən 2006-cı ilədək Bakı Beynəlxalq Dəniz Ticarət Limanında işləyib. O, burada əvvəlcə Dəniz Xidməti rəisinin müavini, sonralar Dəniz qəzaları və hadisələri üzrə müfəttişlik şöbəsinin rəisi vəzifəsini icra edib.

2006-cı ildən - 2011-ci ilədək fəaliyyətini Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasında  rəis müavini kimi davam etdirib.

2011-2013-cü illərdə yenidən Bakı Beynəlxalq Dəniz Ticarət Limanında işləməyə başlayıb. Burada Liman Baş direktorunun  müavini, Dəniz Xidmətinin rəisi vəzifələrini icra edib.

O, iki il (2013-2015) Azərbaycan Respublikasının Silahlı Qüvvələrində də xidmət göstərib. Ehtiyatda olan zabitdir.

2016-ci ildən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC də işləməyə başlayan Namiq Ağamalıyev əvvəlcə, Azərbaycan Dövlət Dəniz Akademiyası rektorunun müşaviri, sonra isə  Azərbaycan Dənizçilik Kollecinin direktoru təyin edilib.

"Donanmanın Fəxri İşçisi" döş nişanı ilə təltif edilib.

O, işlədiyi bütün kollektivlərdə yüksək insani keyfiyyətlərlə tanınıb,qayğıkeşliyi, mehribanlığı, vətənpərvərliyi hər kəsə bəllidir. Hər zaman işinə məsuliyyətlə yanaşan Namiq müəllimin çalışdığı qurumların prinsip və ideallarına vicdanla əməl etməsinə isə şübhə yoxdur.

Hazırda fəaliyyətini “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Azərbaycan Dövlət Dəniz Akademiyasının tərkibindəki Dənizçilik Kollecinin direktoru kimi uğurla davam etdirir. Direktor kimi vəzifəsinin öhdəsindən bacarıqla gəlir və bu təhsil ocağının inkişafına böyük töhfələr verir.

Namiq müəllimin səmərəli fəaliyyətini bundan sonra da uğurla davam etdirəcəyinə əminliyimizi bildirir və onu 60 illik yubileyi münasibətilə səmimi-qəlbdən təbrik edir, uzun ömür, möhkəm cansağlığı arzulayırıq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır