Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-20,
Seanews
Heyder Eliyev

Azərbaycan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində nəqliyyat sahəsində keçirilən tədbirlərə sədrlik edib

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) çərçivəsində ardıcıl olaraq Qara Dəniz Dairəvi Avtomagistralının İnkişafı üzrə Rəhbər Komitənin və QDİƏT regionunda Dəniz Magistrallarının İnkişafı üzrə İşçi Qrupun iclasları keçirilib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a bildirilib ki, iclasda Rəhbər Komitəyə üzv ölkələr tərəfindən nümayəndələrin təyinatı, sözügedən beynəlxalq avtomagistralın ölkələrin ərazisindən keçən əsas marşrutun və ona birləşən yolların müəyyən edilməsi əsas müzakirə mövzuları olub.

Məqsəd Qara Dəniz regionunda beynəlxalq dairəvi avtomobil yolu kimi Qara Dəniz Dairəvi Avtomagistralının inkişafı sahəsində tərəflər arasında əməkdaşlığın möhkəmləndirilməsidir. Bu əməkdaşlıq əsas və yardımçı yol infrastrukturunun təmiri, yenidən qurulması, reabilitasiyası, müasir standartlara uyğunlaşdırılması və yenisinin tikintisini nəzərdə tutur.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin baş məsləhətçisi Teymur Abbasovun sədrliyi ilə keçirilən iclaslarda ölkəmizi, həmçinin Dövlət Dəniz Agentliyinin şöbə müdiri Vamik Rəhimov və ölkəmizin İstanbuldakı Baş Konsulluğunun əməkdaşı Ramiz Hacızadə təmsil edib.

QDİƏT regionunda Dəniz Magistrallarının İnkişafı üzrə İşçi Qrupun iclasının gündəliyinə Dəniz Magistrallarının İnkişafı üzrə anlaşma memorandumunun icrası ilə bağlı mövcud vəziyyət, bu sahədə “Master Plan”ın və layihələrin işlənib hazırlanması üçün lazımi tədbirlərin müzakirəsi, İşçi Qrupun Birgə Texniki Katibliyinin fəaliyyəti, gələcək rotasiya sxemi və digər məsələlərin müzakirəsi daxildir.

Qeyd edək ki, ölkəmiz Qara Dəniz Dairəvi Avtomagistralının əsas marşrutuna Bakı-Ələt-Qazax-Gürcüstanla dövlət sərhədi və Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolları ilə qoşulub.

2018-ci il oktyabrın 24-də Bakıda keçirilən QDİƏT-in Nəqliyyat üzrə İşçi Qrupunun qərarlarına uyğun olaraq Rəhbər Komitəyə və İşçi Qrupa sədrlik növbəti 2 il müddətinə Azərbaycan tərəfindən həyata keçirilir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır