Missisipi çayında iki gəmi toqquşaraq bir-birinə ilişib qalıb
Bazar ertəsi günü Missisipi çayının 124.5-ci mil nişanı yaxınlığında "Pac Dubhe" universal yük gəmisi ilə "African Buzzard" balkeri toqquşub və ardınca hər iki gəmi saya oturub.
“Seanews.az” xəbər verir ki, hazırda da "African Buzzard" gəmisi saya oturmuş vəziyyətdədir. Hadisə nəticəsində hər iki gəmi bir-birinə dolaşıb. Belə ki, "African Buzzard"ın lövbəri "Pac Dubhe" gəmisinin baş hissəsinə ilişib qalıb.
Qəza ilə bağlı ABŞ Sahil Mühafizəsi xilasetmə işlərinə başlayıb. Hər iki gəmi operatoru vəziyyəti hərtərəfli qiymətləndirir və Sahil Mühafizəsinə təqdim etmək üçün xilasetmə planları hazırlayır. Qəza yerində köməkçi yedək gəmiləri fəaliyyət göstərir.
Xoşbəxtlikdən, heyət üzvləri arasında xəsarət alan yoxdur. Ətraf mühitə hər hansı təsir və ya yanacaq sızması müşahidə olunmayıb. Missisipi çayı gəmilərin hərəkəti üçün açıqdır.


