Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-03-12,
Seanews
Heyder Eliyev

Arif Həsənovun əziz xatirəsinə

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) ailəsinə ağır itki üz verib. Uzun illər Xəzər Dəniz Gəmiçiliyində işləmiş Arif Həsən oğlu Həsənov vəfat edib.

Arif Həsənov Bakının  Zirə qəsəbəsində 23 sentyabr 1944-cü ildə dünyaya göz açıb. Zirə kəndində yerləşən 120 saylı orta məktəbi bitirdikdən sonra 1962-ci ildə Bakı Dəniz Yolları məktəbinə qəbul olub. 1967-ci ildə oradan məzun olaraq bitirərək Xəzər Dəniz Gəmiçiliyində əmək fəaliyyətinə başlayıb.

Peşəkar biliklərini artırmağa hər zaman önəm verən Arif müəllim, 1974–1980-ci illərdə istehsalatdan ayrılmadan Odessa Ali Dəniz Mühəndisləri məktəbində, 1985-1986-cı illərdə isə Bakı Ali Partiya məktəbində təhsil alıb.

O, 1975-ci ilə qədər Xəzər Dəniz Gəmiçiliyinin gəmilərində 4-cü, 3-cü və 2 -ci mexanik vəzifələrində çalışıb. İşgüzarlığı və peşəkarlığı sayəsində qısa müddətdə baş mexanik vəzifəsinə qədər yüksəlib. 1975–1982-ci illərdə müxtəlif gəmilərdə baş mexanik kimi xidmət edib.

Arif Həsənovun zəngin təcrübəsi rəhbərlik tərəfindən hər zaman yüksək qiymətləndirilib. O, 1982–1986-cı illərdə Gəmi təsərrüfatı xidmətində şöbə rəisi,  1986–1987-ci  illərdə Donanmanın mexaniki istismar xidmətinin rəisi, 1987–1996-cı illərdə isə Xəzər Dəzər Dəniz Gəmiçiliyinin baş mühəndisi vəzifələrində çalışıb.

Arif müəllim həm də 20 Yanvar hadisələrində cəsarət nümayiş etdirən qəhrəman dənizçilərimizdən biri olub. O, həmin qanlı hadisələr zamanı keçmiş SSRİ qoşunlarının şəhidlərimizin meyitlərini Bakıdan çıxartmaq niyyətinin qarşısını almaq üçün Bakı buxtasındakı bərənin baş mühərrikini sökdürərək onu texniki baxış bəhanəsi ilə saxlayıb. Eyni zamanda, Türkmənistanın Krasnovodsk (indiki Türkmənbaşı) limanındakı bərənin mühərrikini sökdürərək, Bakıya əlavə desant yeridilməsi planını iflasa uğradıb.

Ömrünün sonuna kimi əməksevərliyini qoruyub saxlayan Arif Həsənov, son illərdə “Texmarin LTD” MMŞ-nin təsisçisi və Baş direktoru vəzifəsində çalışıb. Harada işləməsindən asılı olmayaraq, öz pozitivliyi və səmimiyyəti ilə kollektivin dərin rəğbətini qazanıb.

ASCO-nun rəhbərliyi və kollektivi Arif Həsənovun vəfatından kədərləndiklərini bildirir, mərhuma Allahdan rəhmət diləyir, ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verirlər.

 Allah  rəhmət  eləsin!


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır