Böyük gəmiçilik şirkətləri Süveyş kanalına mərhələli qayıdış planlaşdırır
“Seanews.az” xəbər verir ki, Qırmızı dənizdə təhlükəsizlik riskləri səbəbindən iki ildən artıqdır Afrika ətrafından alternativ marşrutlardan istifadə edən aparıcı gəmiçilik şirkətləri Süveyş kanalına qayıdış imkanlarını dəyərləndirməyə başlayıb.
Məlum olduğu kimi, 2023-cü ilin noyabrından etibarən Yəməndə fəaliyyət göstərən husilərin ticarət gəmilərinə hücumları fonunda şirkətlər uzun və baha marşrutlara üz tutmağa məcbur olub. 2025-ci ilin oktyabrında əldə olunan atəşkəs razılaşmasından sonra isə bəzi daşıyıcılar Süveyş marşrutuna mərhələli dönüş planları üzərində işləyir.
“Maersk” bildirib ki, yanvarın 26-dan etibarən Yaxın Şərq və Hindistanı ABŞ-ın şərq sahilləri ilə birləşdirən həftəlik xətt üzrə Süveyş kanalı və Qırmızı dəniz vasitəsilə daşımaları bərpa edəcək. Şirkət bundan əvvəl dekabr və yanvar aylarında iki gəmi ilə marşrutu sınaqdan keçirib.
“CMA CGM” şirkəti də təhlükəsizlik şəraiti imkan verdikdə Süveyş kanalından istifadəni davam etdirir. Şirkətin Hindistan–ABŞ xətti üzrə bəzi gəmiləri artıq yanvar ayından bu marşrutla hərəkət edəcək. Məlumata görə, dekabrda şirkətə məxsus iki gəmi kanaldan keçib.
“Hapag-Lloyd” isə hələlik Qırmızı dəniz üzrə əməliyyatlarını dəyişməyəcəyini açıqlayıb. Şirkət rəhbərliyi Süveyş kanalına qayıdışın tədricən baş verəcəyini və logistika zəncirində sıxlığın qarşısını almaq üçün keçid dövrünün zəruri olduğunu bildirib.
Norveçin avtomobil daşıma üzrə ixtisaslaşmış “Wallenius Wilhelmsen” şirkəti də vəziyyəti qiymətləndirməyə davam edir və yalnız təhlükəsizliklə bağlı bütün şərtlər təmin olunduqdan sonra Süveyş marşrutuna qayıdacağını açıqlayıb.
Mütəxəssislər hesab edirlər ki, Süveyş kanalına qayıdış sürətli deyil, mərhələli olacaq və əsas meyar bölgədə təhlükəsizliyin tam bərpa olunmasıdır.


