Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-08-20,
Seanews
Heyder Eliyev

İnsanlıq naminə

BMT-nin 8-ci Baş katibi Pan Gi Mun: "Yardım göstərən işçilər - nəsibsiz insanlara həmrəylik nümayiş etdirmək üçün göndərdiyimiz elçilərdir. Onlar insan təbiətinə xas olan yaxşı cəhətlərin ən yaxşısını təcəssüm etdirirlər. Amma onların əməyi təhlükəlidir ".

Avqustun 19-u Ümumdünya Humanitar Yardım Günüdür. Bu gün  başqalarına kömək etmək üçün böhranlı vəziyyətlərdə işləməyi seçən insanlara həsr edilib və tarix təsadüfi seçilməyib.

19 avqust 2003-cü ildə Bağdadda (İraq) «Kanal» otelində bomba partlayışı nəticəsində humanitar təşkilatların 22 əməkdaşı, o cümlədən BMT Baş katibinin İraqdakı xüsusi nümayəndəsi Serjio Vieyra di Mellu həlak olub. Beş il sonra BMT Baş Assambleyası 19 avqustun Ümumdünya Humanitar Yardım Günü kimi elan edilməsi haqqında qətnamə qəbul edib...

Təəssüf ki, həmin tarixdən keçən dövrdə vəziyyət daha da ağırlaşıb – humanitar sistem gərgin rejimdə işləyir. Böhrandan əziyyət çəkənlərin sayı durmadan artır, maliyyə imkanları isə reallığa uyğunlaşa bilmir. İnsanların həyatını, rifah və ləyaqətini, habelə humanitar təşkilatların əməkdaşlarının təhlükəsizliyini və müdafiəsini təmin etmək kimi məsələlər gündən-günə artaraq, təxirəsalınmadan həllini tələb edir. Qeyd etmək nə qədər ağır olsa da, təbii fəlakət zonaları istisna olmaqla, humanitar təşkilatların əməkdaşları münaqişə zonalarında hədəfə çevrilirlər.

https://www.un.org/ru/observances/humanitarian-day saytı 2024-cü ildə 380-dən çox humanitar işçinin öldürüldüyünü qeyd edib: bəzilərinin xidməti vəzifələrini yerinə yetirərkən, bəzilərinin isə öz evlərində. Eyni zamanda yüzlərlə insanın yaralandığı, qaçırıldığı və ya saxlanıldığı yazılıb.

“Beynəlxalq hüquq birmənalı şəkildə qeyd edir: humanitar işçilər hörmət və himayəyə malik olmalıdırlar. Onlar heç vaxt hücum hədəfi olmamalıdır. Bu qayda müzakirə edilə bilməz və hər hansı bir yerdə və hər hansı bir şəraitdə münaqişənin bütün tərəflərinə şamil edilir. Lakin qırmızı xətlər cəzasız keçir.”

Bu fikir BMT-nin Baş katibi Antonio Quttereşə məxsusdur. O, bunu humanitar yardım mövzusu ilə bağlı öz müraciətində yazıb və eyni zamanda qeyd edib ki, “Qaydalar və alətlər mövcuddur. Yalnız siyasi iradə və mənəvi cəsarət yoxdur”. Baş katib həmin müraciətini sonda bu sözlərlə bitirib: “Və gəlin #İnsanlıqnaminəHərəkətEdək” (Et employons-nous à #AgirPourLHumanité).

Hər ilin 19 avqustu bütün humanitar təşkilatları – tərəfdaşları birləşdirən müəyyən mövzuya həsr olunur. Günün kampaniyası BMT-nin Humanitar Məsələlərin Koordinasiyası İdarəsi tərəfindən həyata keçirilir. İdarənin bütün dünyada regional və ölkə şöbələri var. Bu, ona müxtəlif regionlarda baş verən böhranlara operativ reaksiya verməyə imkan verir.

Sözügedən qurum hökumətlərin, müxtəlif agentliklərin, qeyri-hökumət təşkilatlarının və digər iştirakçıların fəaliyyətini əlaqələndirməklə humanitar böhranlara effektiv cavab verməkdə əsas rol oynayır. İdarə aşağıdakı funksiyaları yerinə yetirir:

  1. Humanitar böhranların miqyasını, xarakterini və zərərçəkmiş əhalinin ehtiyaclarını müəyyənləşdirir.
  2. Yardım üçün vəsait toplayır və resursları səfərbər edir.
  3. Yardımın effektiv çatdırılması üçün müxtəlif iştirakçıların  səylərinin bir araya gətirilməsini təşkil edir.
  4. Zərərçəkmiş əhalinin maraqlarının qorunmasını, habelə  humanitar fəaliyyət prinsiplərinə riayətin olunmasını təmin edir.

Humanitar yardım insanların milliyyətinə, irqinə, cinsinə, dini etiqadına, siyasi mənsubiyyətinə və baxışlarına görə edilmir. Məqsəd  zərərçəkmiş insanların həyatlarının yenidən qurulmasına dəstək olub, həmin ölkəyə həmrəylik nümayiş etdirməkdir.

Burada vurğulamaq yerinə düşər ki, Azərbaycan son 15 ildə humanitar yardım siyasətini yerinə yetirən önəmli iştirakçılardan biridir: istər təbii fəlakətlərdən, istərsə də müharibələrdən əziyyət çəkən ölkələrə ilk yardım edən dövlətlərdəndir.

Təbii, hər birimiz istəyərdik ki, insanları humanitar yardıma möhtac edən müharibələr, münaqişələr tezliklə sona yetsin, dünyada baş verən təbii fəlakətlərin, habelə texnogen və yol-nəqliyyat qəzalarının sayı azalsın. Dinc, normal yaşayış dünyanın hər bir guşəsində bərqərar olsun. Humanitar yardımlar isə milliyyətindən, irqindən və cinsindən asılı olmayaraq, bütün uşaqlar üçün bayram sovqatları ilə əvəz olunsun.

 

Sevda Abdullayeva,

ASCO-nun İctimaiyyətlə əlaqələr departamentinin

aparıcı mütəxəssisi


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır