

"Ulsan" tərsanəsində inşa olunmuş yeni LNG tankeri təhvil verilib
Cənubi Koreyanın “HD Hyundai Heavy Industries Co., Ltd.” (HHI) şirkətinə məxsus "Ulsan tərsanəsində inşa olunmuş mayeləşdirilmiş təbii qaz (LNG) daşıyan “Al Zuwair” tankeri təhvil verilib.
“Seanews.az” xəbər verir ki, layihə Yaponiyanın “NYK” və “Kawasaki Kisen Kaisha”, Malayziyanın “MISC Berhad” və Çinin “China LNG Shipping (Holdings) Limited” şirkətlərinin birgə tərəfdaşlığı ilə həyata keçirilib. Tankerin idarəçiliyi isə “NYK”-ya həvalə edilib.
Gəmi dünyanın ən böyük LNG istehsalçılarından biri olan “QatarEnergy” ilə imzalanmış “time-charter” müqaviləsi əsasında istismara cəlb olunacaq.
Yük tutumu təqribən 174,000 m³, uzunluğu 299 metr, eni 46,4 metr olan “Al Zuwair” “QatarEnergy” üçün tikilən 12 yeni LNG tankerindən üçüncüsüdür.
Tanker iki ədəd “X-DF 2.1 iCER” tipli ikili yanacaqlı mühərriklə təchiz olunub. Bu mühərriklər həm mazut, həm də qaz buxarından yanacaq kimi istifadə edə bilir. Bundan başqa, gəmidə gövdə boyunca hava qabarcıqları yaradaraq su müqavimətini azaldan hava yastığı sistemi və artıq qaz buxarını geri mayeləşdirən xüsusi qurğu da quraşdırılıb.