Nabranda şəhid ailələri üçün ədəbi-bədii gecə keçirilib
“Dənizçilərə Sosial Dəstək” İctimai Birliyi “Şəhid ailələri və müharibə iştirakçıları ilə iş” layihəsi çərçivəsində ASCO-nun Nabran qəsəbəsində yerləşən “Dənizçi” istirahət mərkəzində ədəbi-bədii gecə təşkil edib.
Tədbir şəhidlərin xatirəsinin yad edilməsi ilə başlayıb. Ardınca Azərbaycanın Dövlət Himni səsləndirilib.
Gecədə şəhid dənizçilərin ailə üzvləri və müharibə iştirakçıları ilə yanaşı, Azərbaycan Yazıçılar Birliyinin tanınmış simaları da iştirak ediblər. Ramiz Qusarçaylı, Səxavət Ənvəroğlu, Aqşin Dadaşoğlu, Mövlam Şahid, Ayaz Səlimxanoğlu, Prezident mükafatçısı Tural Balabəyli və ədəbiyyatşünas alim Fərrux Məmmədov ədəbi çıxışlarla tədbirə qatılıblar.
İctimai Birliyin sədri, layihənin rəhbəri, ASCO-nun gəmi kapitanı, şair Faiq Balabəyli bildirib ki, tədbirdə iştirakçılar şairlərlə ədəbi söhbətlər aparıb, vətənpərvərlik mövzusunda şeirləri dinləyiblər.
Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilir.