

Yunanıstanda RoPax tipli bərə dayaz suda saya oturub
Yunanıstanın Evia adası sahillərində, Egey dənizində avqustun 5-də “Panagia Paravouniotissa” adlı Ro-Pax tipli sərnişin və yük bərəsi dayaz suda saya oturub. Hadisə zamanı bərədə 105 sərnişin və 9 heyət üzvü olub.
“Seanew.az” xəbər verir ki, insident bərənin Evia adasındakı "Nea Styra" limanından yola düşməsindən təxminən 30 dəqiqə sonra, yerli vaxtla 18:50 radələrində baş verib.
Hadisədən dərhal sonra Yunanıstan Sahil Mühafizəsi və yaxınlıqdakı bir neçə qayıq əraziyə cəlb olunub. Bərədə olan bütün insanlar təhlükəsiz şəkildə "Nea Styra" limanına təxliyə edilib. Sahil mühafizə rəsmiləri bildiriblər ki, insident nəticəsində xəsarət alan olmayıb, ətraf mühitə ziyan dəyməyib.
Hadisə ilə bağlı prokurorluq araşdırmaya başlayıb. Araşdırma zamanı müəyyən edilib ki, bərənin kapitanı saya oturma hadisəsi baş verən zaman məsuliyyət daşıyan orqanları vaxtında məlumatlandırmayıb, bununla da naviqasiya prosedurlarını pozub.
Yunan Sahil Mühafizəsi açıqlayıb ki, kapitanla radio vasitəsilə əlaqə yaratmaq üçün dəfələrlə cəhd edilib, lakin ilk cavab yalnız 19:01-də, yəni insidentdən təxminən 10 dəqiqə sonra alınıb.
Avqustun 6-da verilən rəsmi məlumata görə, gəminin sahibi hadisədən 14 saat keçməsinə baxmayaraq, hələ də xilasetmə və yedəkləmə planı hazırlamayıb.
Hadisə ilə bağlı araşdırmalar davam edir.