

“DNV” və “Wilhelmsen” müstəqil gəmiçilik proqram təminatı şirkəti yaradıb
“DNV” dənizçilik sahəsindəki dəyişikliklərə daha çevik cavab vermək məqsədilə müstəqil proqram təminatı şirkəti yaradıb. Yeni qurum “CFARER” adlandırılıb və əvvəlki “DNV Maritime Software” portfeli əsasında formalaşdırılıb. Həmçinin “Wilhelmsen Port Services” şirkətinin rəqəmsal törəmə müəssisəsi olan “Diize” də bu struktura daxil edilib.
“Seanews.az” xəbər verir ki, yeni şirkətin əsas səhmdarı “DNV” olacaq. Beləliklə, “DNV” “CFARER”-ə idarəetmə, sabitlik və dənizçilik sahəsində ekspertiza baxımından dəstək göstərəcək. “Wilhelmsen Port Services” isə kiçik paya sahib olmaqla, özünün “Always-on-Board” liman rəsmiləşdirmə həllini “CFARER” portfelinə inteqrasiya edəcək. “Papillon Global” şirkəti də investor və texnologiya tərəfdaşı kimi yeni qurumda yer alacaq.
Şirkət vurğulayıb ki, “CFARER” fəaliyyətə geniş istifadəçi bazası və müxtəlif sahələrdə ixtisaslaşmış komanda ilə başlayır.
Hazırda 5 000-dən çox gəmi və 13 000 liman “CFARER” həllərindən istifadə edir.
“CFARER”-in məhsul portfelinə texniki donanma idarəetməsi üçün “Ship Manager”, gəmi gövdəsinin vəziyyətinə nəzarət və yoxlamalar üçün “Hull Manager”, eləcə də “Wilhelmsen” ilə birgə formalaşdırılan “Port Clearance” həlləri daxildir.
Yeni şirkət öz strukturunun “maritime SaaS” (proqram təminatı xidmət kimi) bazarında rəqiblərindən fərqlənəcəyini bildirir. 2025-ci il ərzində bütün məhsullar həm bulud (Cloud), həm də klassik versiyalarda təqdim olunacaq ki, bu da istifadəçilərə öz texniki imkanlarına uyğun formatı seçmək imkanı verəcək.