“Ever Lunar” gəmisindən 50 konteyner dənizə düşüb
Tayvanın “Evergreen Marine” şirkətinə məxsus “Ever Lunar” konteyner gəmisindən 50 konteyner dənizə düşüb.
“Seanews.az” xəbər verir ki, hadisə Perunun Kallao limanı yaxınlığında, gəmi lövbərdə olarkən baş verib.
Hadisədən sonra Peru dəniz administrasiyası limanda gəmi hərəkətini müvəqqəti olaraq dayandırıb. Ərazidə vizual baxış və xilasetmə işlərinə başlanılıb.
Yerli mülki müdafiə orqanları təsdiqləyiblər ki, dənizə düşən konteynerlərdə təhlükəli yük olmayıb və onların çıxarılması üçün tədbirlər görülür.
İlkin versiyaya əsasən, insident Rusiya sahillərində qeydə alınan sunaminin yaratdığı dalğalar nəticəsində baş verib.
Bu, “Evergreen Marine” şirkətinin Latın Amerikası sularında bir həftə ərzində üzləşdiyi ikinci konteyner itkisi hadisəsidir. Üç gün əvvəl Liberiya bayraqlı “Ever Feat” gəmisi Braziliyadan Uruqvaya gedərkən güclü fırtına zamanı təxminən 40 konteyner zədələnmişdi.