Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-25,
Seanews
Heyder Eliyev

“Hara baxsan, mavidir, işıqdır”: Dalğalarla mübarizədən qalib çıxanların hekayəsi... Oxu.az-ın REPORTAJI

Bu gün onların günüdür, dənizlərin bəzəyi olan, hədəfi bəlli, yolu su, amansız fırtınalara qarşı mübariz gəmilərin sükanını möhkəm saxlayan dənizçilərin...

Oxu.Az əngin dənizlərin fədakar qəhrəmanları ilə söhbətləşib.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz Nəqliyyat Donanmasına məxsus “Dədə Qorqud” tankerindəyik.

Tanker “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda əsaslı təmir olunub. Elə biz orada olan zaman təmirin son günü idi.

Öyrəndik ki, “Dədə Qorqud” gəmisinin uzunluğu 152 metr, eni 17,3 metr, dedveyti 13 min tondur.

Təmir zamanı tankerin sualtı və suüstü hissələri, göyərtəsi, maşın şöbəsi təmizlənərək rənglənib. Baş və köməkçi mühərrik, nasoslar, separatorlar və kompressorlar təmir edilib.

Gəmidə gövdə-qaynaq, elektrik-quraşdırma və avtomatika işləri də yerinə yetirilib. Həmçinin, tankerdə yeni borular quraşdırılıb.

Rabitə və elektroradionaviqasiya sahəsinə aid yeni tip stasionar ultraqısa dalğalı radiostansiya, maqnit kompas, exolot, sürətölçən qurğu, INMARSAT peyk rabitə terminalı, qəza-xilasetmə radiostansiyaları və radiovericilər, Avtomatik İdentifikasiya Sistemi (AİS) və radiolokasiya stansiyası quraşdırılıb.

Eyni zamanda, “Dədə Qorqud” gəmisinin heyətinə məxsus yaşayış otaqları, sanitar qovşaqlar və yeməkxanalar yenilənib.

Tankerə daxil olan zaman ilk olaraq kapitan körpüsünə qalxırıq. 

Burada bizi 15 ildir kapitan kimi çalışan İlkin Babayev qarşılayır.

O, dənizçi peşəsini seçməyi barədə danışır:

“Böyük əmim dənizçidir. Mən 8-ci sinifdə oxuyan zaman o, kəndə gəlmişdi. Xeyli dənizdən danışdı. Məndə də bu peşəyə sevgi yarandı. Daha sonra, 1988-ci ildə Qafur Məmmədov adına dənizçilik məktəbinə daxil oldum. 1992-ci ildə oranı bitirdikdən sonra işləməyə başladım. İlk olaraq sərnişin gəmilərində matros kimi işlədim.

Daha sonra isə imtahan verdim, nəticəm yaxşı olduğu üçün məni Qara dənizə yolladılar və orada 15 il çalışdım. 2006-cı ildən isə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz Nəqliyyat Donanmasına məxsus “Dədə Qorqud” tankerində işləyirəm”.

Ömrünün 30 ilini dənizdə keçirən kapitan deyir ki, gəmi ilə Qara, Aralıq, Mərmərə və Xəzər dənizlərinin bütün limanlarına səyahət edib...

Belə bir deyim var: Xəzərdə təcrübən varsa, başqa dənizlərdə üzmək elə də çətin olmayacaq.

15 ildir kapitan olan İlkin də bu fikirlə razıdır:

“Xəzər dənizi çox dalğalanır, külək çox əsir. Burada səriştəli olmaq lazımdır. Mən öz təcrübəmdən deyə bilərəm ki, Xəzərdə gəmini idarə etdinsə, digərlərində daha asan olacaq”.

Kapitan deyir ki, dənizdə olmağın çətin tərəfi odur ki, evdən ayrı düşürsən:

- İstədiyin vaxt uşaqları görmək olmur. Artıq hər kəs öyrəşib. Qara dənizdə işləyən zaman altı ay işdə, altı ay evdə olurdum. Orada işləyən zaman 11 ay evdən uzaq düşdüyüm vaxtlar da olub.  

- Bəs yaxınlarınız sizdən incimirdilər?

- Artıq öyrəşiblər. Dənizçi yoldaşı olmaq çətindir. Çünki bütün işlər, uşaq tərbiyə etmək həyat yoldaşlarımızın üzərində qalır. Onların işi bizdən çətindir. Mən buna görə həyat yoldaşıma minnətdarlığımı bildirirəm.

Dəniz varsa, təhlükənin olması qaçılmazdır. 

İ.Babayev də gəmi ilə dənizdə üzləşdiyi çətinlikdən danışıb:

“Heyət olaraq daha çox küləyə düşmüşük. Gəmi elədir ki, orada dayanmaq üçün həm yer yoxdur, həm də dərinlik çoxdur. Ancaq yolu getməlisən. Türkiyədə Bosfor boğazından Qara dənizə keçəndə elə güclü külək oldu ki, dalğa gəmini geriyə döndərdi. Biz gedə bilməyib, geri qayıtmışıq”.

- Deyirlər ki, gəmini ən son kapitan tərk etməlidir...

- Bunun səbəbi odur ki, bütün heyətin məsuliyyəti kapitanın üzərinə düşür. Fikrimcə, heyətlə bərabər, onların övladlarına, ailəsinə kapitan cavabdehdir. Yaxşı kapitan bir hadisə olan zaman heyəti, sonra isə öz canını xilas etməlidir. Belə bir hadisə olsa, mən heç gəmidən enmərəm də...(gülür). Elə olub ki, mən küləkli havalarda 10 saatdan çox gəmini idarə etmişəm. Dəniz zarafatı sevmir. Ona görə işi görən zaman məsuliyyətli olmaq lazımdır. 

Kapitan heyətdə qadın olmasının uğursuzluq gətirdiyi barədə stereotipi qəbul etmir:

- Mən bu deyimlə qəti razılaşmıram. Hər bir işdə peşəkar oldunsa, qadın və ya kişi fərqi yoxdur. Qadın kapitan körpüsünə daxil olursa, külək, uğursuzluq gətirəcəyi fərziyyəsinə inanmıram. Bu deyimdə heç bir həqiqət payı yoxdur.

Heyət səfərə başlayan zaman iş qrafiki növbəli şəkildə olur. Hazırda gəmidə 16 nəfər çalışır. Ən qocaman işçinin 58 yaşı var.  

Kapitan gəncləri dənizçi olmağa da səsləyib. 

- Belə deyirlər ki, kapitanların hər limanda bir sevgilisi olur...

- Bu, sadəcə əsası olmayan ifadədir. Mənim hər limanda bir sevgilim olmayıb (gülür).

Tankerdə kapitanın baş köməkçisi işləyən Toğrul Məmmədov deyir ki, bu peşəni seçməkdə əsasən məhəllə yoldaşlarının köməyi olub:

- Bizim evimiz dənizə yaxın yerləşir. Əvvəldən dənizə marağım olub. Məndən yaşda böyük olan tanışlarım həmişə dənizdən, dənizçilikdən danışırdılar. Elə o vaxtdan məndə də bu peşəyə maraq artdı. Artıq illərdir ki, dənizçiyəm.

O deyir ki, dəniz insan xarakterinə təsir edir:

- İnsanı dəyişir, daha çox məsuliyyətli olursan. Mən dənizçi olmağıma heç vaxt peşman olmamışam. Bəzən ailəm üçün darıxıram. Elə olur ki, övladın dünyaya gəlir, amma sən onu həmin vaxt görmürsən... Üç aydan çox evlə heç bir əlaqəmin olmadığı vaxt olub.

Baş köməkçi deyir ki, vəzifəsi elədir ki, kapitan gəmidə olmursa, onu əvəz edir:

- Səkkiz saat iş qrafikim var. Gəmi və heyətin təhlükəsizliyi, istirahətinin təşkili, qidalanması mənim üzərimdədir. Hər bir şəxs bu peşəni seçən zaman məsuliyyətli olmağı öyrənsin, işini sevsin”.

- Toğrul bəy, ümumiyyətlə, dənizçilər üçün ən əlverişli hava şəraiti hansıdır? 

- Küləksiz hava... Dənizin sükutu dənizçinin rahatlığıdır.

Təbii ki, gəmi heyəti kapitan və baş köməkçi ilə məhdudlaşmır.

Musa Həsənov gəminin göyərtə rəisidir. Onun vəzifəsinə “gəmi bosmanı” da deyilir. 

O, gəminin göyərtəsində maşın mexaniklərinin istismarı və nasazlığını nəzarətdə saxlayır:

- 1997-ci ildən QSC-də çalışıram. 2001-ci ildən gəmi bosmanı kimi çalışıram. Nasazlıq olan zaman gəminin baş köməkçisinə məlumat verirəm. Eyni zamanda, gəminin təsərrüfat işləri ilə məşğul oluram. Hər-hansı problem olaraq, gecə saatlarında da çalışırıq. Biz işi vaxtında görməsək, gəmi digər limanda ləngiyəcək.

M.Həsənov gəmidə olan zaman təhlükə ilə də üzləşib:

- Gəmi ilə səyahət etdiyim ölkələrin sayını unutmuşam. 2002-ci ildə Yunanıstanda quru yük gəmisində olan zaman təhlükə ilə üzləşdim. Gəmidə qəza baş verdi və biz xilasedici qayıqla oranı tərk etdik. 

Matros Cəbrayıl Nağıyev deyir ki, uzun müddətdir ki, bu vəzifədə çalışır:

- Mən işimi sevirəm. 24 ildir ki, bu peşədəyəm. Mənim işim əsasən gəmi limana yan aldığı vaxtdır. Gəmi limana yan almağa hazırlaşan zaman bizə əmr verilir ki, kəndirləri hazırlayın. Biz də göstərişə əməl edirik. Gəminin sahilə yaxınlaşmağına yarım saat qalmış biz də öz yerimizi alırıq.

Gəmidə qidalanmaya da xüsusi önəm verilir. Burada olan mətbəxin “sahibləri” də gəmi heyətinin üzvlərinə müxtəlif təamlar hazırlayırlar. 

Aşpaz Sübhan Qulamov deyir ki, dörd ildir ki, gəmi heyətinə yemək hazırlayır:

- Hər bir işdə olduğu kimi, gəmidə də işləmək məsuliyyət tələb edir. Gəmi aşpazı - gəmi mətbəxinin təmizliyindən tutmuş, hazırlanan yeməyin keyfiyyətinə qədər hər şeyə cavabdehdir. Gəmidə hər şeydən öncə təhlükəsizlikdir ki, qaydalara əməl etmək lazımdır. İlk iş yerim “Süleyman Vəzirov” borudüzən gəmisi olub. Orada 110-130 şəxsə yemək bişirmişik. Ən çox milli yeməklərə üstünlük veririk. Biz ərzağı səfərə çıxacağımız müddətə uyğun götürürük.   

Mexanik Rəşad Musayev və Məhərrəm Kərimli də bu çətin və məsuliyyətli peşədədirlər. Onlar gəmidəki maşınlara qulluq edir, baxırlar. İş qrafikləri gecə 00:00-dan 04:00-a kimi olur.

Biz də onlara səmt küləyi arzulayıb, tankeri tərk edirik...

İlhamə Əbülfət
Daha çox foto burada: Photostock.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır