Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-19,
Seanews
Heyder Eliyev

ADDA məzunu: Milli gəmilərin inşasında iştirak etdiyimə görə qürur duyuram

“ADDA məzunu” layihəmizin bu dəfəki qəhrəmanı Mahmud Süleymanlıdır. O, ADDA-nın “Gəmiqayırma və gəmi təmiri” ixtisasını bitirib. Hazırda Bakı Gəmiqayırma Zavodunun Mühəndislik departamentində Mexanik, Boru və HVAC mühəndisi işləyir. Mahmud Süleymanlı ilə tələbəlik illəri, karyerası və gələcək arzuları barədə söhbətləşdik.

Mahmud, gəmidə işləmək üçün müxtəlif ixtisaslar var. Necə oldu ki, gəmi layihələndirilməsi ilə məşğul olmaq qərarı verdiniz?

Məndə bu ixtisasa uşaqlıqdan həvəs yaranmışdı. Gəmilərə baxanda poladdan hazırlanan nəhəng nəqliyyat vasitələrinin su üzərində qala bilməsi mənə maraqlı gəlirdi. Düşünürdüm ki, görəsən, onu necə hazırlayırlar? Sualıma cavab tapmaq və bu sahədə mütəxəssis olmaq həvəsi məni Azərbaycan Dövlət Dəniz Akademiyasına gətirdi. Qəbul imtahanlarından uğurla keçdim və ADDA-nın “Gəmiqayırma və gəmi təmiri” ixtisasını seçdim.

Oxuduğunuz müddətdə seçiminizə görə peşman olmadınız ki?

Əksinə, gəmiçilik sahəsinin təkcə Azərbaycanda deyil, dünyada nə qədər əhəmiyyətli olduğunun fərqinə vardım. Elə təkcə bunu demək kifayət edir ki, hazırda dünya ticarət daşımalarının 80 faizi məhz gəmilər vasitəsilə həyata keçirilir. Daşımaları daha dayanıqlı, təhlükəsiz və müasir gəmilərlə həyata keçirmək isə olduqca mühüm məsələdir.  Bu səbəbdən  gəmilərin layihələndirilməsi və inşası da həmişə prioritet olacaq. 

Tələbəlik illərini necə xatırlayırsınız?

Çox xoş xatirələrim qalıb. Ciddi və tələbkar müəllimlərimiz bizimlə həmişə yaxın dost münasibətində olublar. İxtisasın sirlərinə yiyələnmək üçün əllərindən gələn hər köməyi ediblər. Təhsilimin ən maraqlı məqamları mənim üçün təcrübədə olduğum vaxtlar idi. “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodu və Bakı Gəmiqayırma Zavodu ADDA tələbələrinin təcrübə keçdiyi əsas istehsal sahələrindəndir. Burda biz müxtəlif sexlərdə real istehsal proseslərini izləyir, bəzən də onların icraçıları olurduq. Mən hətta təcrübənin nəzərdə tutulmadığı vaxtlarda da könüllü ərizə yazaraq “Zığ” GTTZ-da təcrübə keçmişəm.

Magistratura təhsilinizi harda aldınız?

Rus və ingilis dilini sərbəst bilirəm. 2018-ci ildə ADDA-nı bitirdikdən sonra magistr pilləsini Ukraynda oxumaq qərarı verdim. Odessa Milli Dənizçilik Universitetinin “Gəmiqayırma” ixtisasına qəbul oldum. Oxuduğum müddətdə faydalı təcrübələr keçdim, müxtəlif tipli gəmilərin layihələri ilə tanış oldum, bir çox konfranslarda iştirak etdim və müvafiq diplomlarla təltif edildim. Təcrübəni isə Azərbaycanda Bakı Gəmiqayırma Zavodunda keçdim. “Xəzər dənizi üçün pilot gəmisinin layihələndirilməsi” mövzusunda müdafiə edərək, magistr dərəcəsi aldım.

İşə necə başladınız?

Magistraturanı bitirdikdən sonra Bakı Gəmiqayırma Zavoduna işə düzəlmək üçün müraciət etdim və Mühəndislik departamentində  Mexanik, Boru və HVAC mühəndisi vəzifəsinə işə qəbul olundum. Artıq 2 ilə yaxındır ki, burada çalışıram. Milli gəmilərin inşasında yaxından iştirak edirəm və buna görə böyük qürur duyuram.  Çalışdığım müddətdə istifadəyə verilmiş “Azərbaycan” Ro-Pax tipli gəminin, “Laçın”, “Kəlbəcər” tankerlərinin tikintisində mühəndis kimi iştirak etmişəm. Hazırda da “Akademik Zərifə Əliyeva” Ro-Pax tipli gəminin suda tamamlama işləri gedir. Gəmilərin tikintisində Mexanik, Boru və HVAC  mühəndisi kimi mexanizmlərin yerləşdirilməsi, sistemlərdə, mexanizmlərdə yaranan problemlərin aradan qaldırılması, elecə də müxtəlif 3D proqramları (Navisworks, AVEVA PDMS, Autocad Plant 3D və s.) ilə boruların dizaynı və modelləşdirmə, müxtəlif təyinatlı bölmələrin havalandırılması işləri ilə məşgul oluram. Həmçinin, təmirə gələn gəmilərdə gedən iş proseslərində yaxından iştirak etmişəm. Amma təhsilimi davam etdirməyi də unutmuram. 2021-ci ilin əvvəllərində doktorantura təhsili almaq üçün ADDA-ya ərizə ilə müraciət etdim. İmtahanlarda uğurla iştirak etdikdən sonra qəbul oldum ve hazırda “Gəmiqayırma” ixtisasi üzrə doktorantura təhsili alıram.

Tələbələrə nə demək istəyərdiniz?

Demək istərdim ki, Akademiyada oxuduqları dövrdə müəllimlər/professorlar tərəfindən keçirilən həm nəzəri, həm təcrübi biliklərə dərindən yiyələnsinlər, əlavə ədəbiyyata diqqəti artırsınlar. Elm-texnologiya inkişaf edir ve bu inkişafın təsiri bizim sahədən də yan keçmir, müxtəlif proqramlar, 2D və 3D proqramları istifadə olunur və həmin proqramları öyrənsələr, gələcək üçün bir addım da irəli gedərlər. Xüsusən, gəmiçilik beynəlxalq sahə olduğundan xarici dil biliklərinə ciddi fikir versinlər. Magistr və doktorantura təhsillərini Akademiya ilə yanaşı, aparıcı Avropa və Asiya dövlətlərində alıb, əldə etdikləri bilik və bacarıqlarını, Azərbaycanda bu sahənin inkişafı üçün tətbiq etsinlər. Unutmasınlar ki, bir azərbaycalı olaraq bütün sahələrdə olduğu kimi bu sahədə də ölkəmizi dünyada tanıtmaq üçün görülən iş çox şərəflidir.   

Musa Əliyev - ASCO-nun İctimaiyyətlə əlaqələr departamentinin əməkdaşı


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır