Dövlət Dəniz və Liman Agentliyi yeni təsnifat cəmiyyətinə səlahiyyət verib
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyi yeni təsnifat cəmiyyətinə səlahiyyət verib.
Bu barədə Dövlət Dəniz və Liman Agentliyindən bildirilib.
Məlumata görə, qurumla Yunanıstanın "Libero Hellenic Register" təsnifat cəmiyyəti arasında "Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən gəmilər üçün qanunla müəyyən edilən sertifikatlaşdırılma və təsnifat xidmətlərinin həyata keçirilməsinin tənzimlənməsi haqqında" saziş imzalanıb.
Sənədə əsasən, "Libero Hellenic Register" Dövlət bayrağı altında üzən gəmilərdə beynəlxalq standartlara uyğunluğun təmin edilməsi və keyfiyyətli sertifikatlaşdırma sisteminin tətbiqi ilə bağlı müvafiq xidmətlər həyata keçirəcək.
"İmzalanan saziş ölkəmizin təsnifat cəmiyyətləri ilə strateji əməkdaşlığını genişləndirəcək. Bununla yanaşı, dəniz nəqliyyatının inkişafı təhlükəsizlik standartlarının yüksəldilməsi və Azərbaycan bayrağı altında üzən gəmilərin istər yerli, istərsə də dünya bazarında rəqabət qabiliyyətinin artırılmasına töhfə verəcək", - deyə məlumatda qeyd olunub.
Agentlik ümumilikdə 12 təsnifat cəmiyyətinin fəaliyyət göstərməsinə dair razılıq verib.
Gəmi sahibləri sözügedən təsnifat cəmiyyətlərinin müvafiq siyahısı ilə linkə https://ddla.gov.az/tesnifat keçid edərək tanış ola bilərlər.

