Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-23,
Seanews
Heyder Eliyev

ADDA məzunu: "Hər bir insan öz peşəsini sevərək seçməlidir"

Hər bir valideyn üçün övladının ali məktəbə daxil olması qədər təhsilini uğurla başa vurması da çox qürurverici və sevindirici məqamlardandır.  Buna görə də tələbənin üzərinə dörd illik təhsil müddətində böyük məsuliyyət düşür.  Azərbaycan Dövlət Dəniz Akademiyasının “Gəmi energetik qurğularının istismarı mühəndisliyi” ixtisasının məzunu Əlivahid Əliyev bu məsuliyyəti dərk edən və bütün ümidləri doğruldan övladlardandır.

2016-cı ildə orta məktəbi bitirən Əlivahid seçimində qəti idi. Atası kimi gəmi dənizçi olmaq istəyirdi. Gəmini hərəkətə gətirən maşın şöbəsinə böyük marağı var idi. Ona görə də Azərbaycan Dövlət Dəniz Akademiyasının “Gəmi energetik qurğularının istismarı mühəndisliyi” ixtisasını seçmişdi.

Əlivahid bu il Akademiyanı fərqlənmə ilə bitirir. Bu yaxınlarda diplomqabağı təcrübədən qayıdıb. Fürsətdən istifadə edib oxuduğu illərə nəzər salmaq istədik. 

Əvvəlcə, Akademiyanı fərqlənmə ilə bitirdiyin üçün səni təbrik edirik. Uğurların bol olsun!

Təşəkkür edirəm. Sevinirəm ki, əziyyətim boşa getmədi. 

Bəs, oxuduğun illərə nəzər salanda heyfsləndiyin məqamlar da olurmu?

İllər çox tez keçdi. Xoş xatirələrlə dolu dörd il oldu. Bütün hədəflərə bu dörd il ərzində çata bilmişəm, təəssüfləndiyim hal xatırlamıram. Amma Akademiyadakı mühit, tələbə yoldaşlarım, müəllimlərim, bir sözlə o günlərə qayıtmağın mümkünsüzlüyünü dərk edəndə heyfslənirəm.

Daxil olduğun Akademiya ilə bitirdiyin Akademiya arasında nə fərq görürsən? 

Azərbaycanda dənizçilik təhsili hər gün inkişaf edir. Bu, özünü Akademiyanın maddi-texniki bazasının möhkəmləndirilməsində, o cümlədən dənizçilik sahəsində uzun illər təcrübəsi olan yerli və xarici mütəxəssislərin iştiraki ilə seminarların keçirilməsində göstərir. Bundan əlavə, dövrün tələblərinə uyğun olaraq elektron akademiya, elektron kitabxananın yaradılması üzərində görülən işlər təhsilin əlçatan olması üçün atılan addımlardandır. Uzun illərdən bəri yaranan texniki ədəbiyyat problemi də öz həllini tapmaq üzrədir.

I kursda ixtisasınla bağlı suala neçənci kursda cavab tapa bildin?

Sözün düzü, I kursa daxil olanda artıq gəmi haqqında müəyyən anlayışım var idi. Çünki atam gəmi kapitanıydı. İxtisasla bağlı suallarıma isə ilk illərdən cavab tapmağa başladım. Akademiyada digər ali təhsil müəssisələrindən fərqli olaraq ixtisasla tanışlığa yuxarı kurslardan deyil, elə ilk semestrdən başlanılması, müəllim  kollektivinin bilik və bacarığı mənə bütün suallarıma cavab tapmağa kömək etdi.  

Təcrübəni necə təsəvvür edirdin və nə gördün?

Təcrübəni anlayış olaraq bilirdim. Üzmə təcrübəsinin olduğu haqqında məlumatım yox idi. Bu barədə Akademiyada öyrəndim. İlk təcrübəmi “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Dəniz Nəqliyyatı Donanmasına məxsus "Merkuri-1" bərə-gəmisində, digər təcrübələri Xəzər Dəniz Neft Donanmasına məxsus "General Əliağa Şıxlinski" və "Vaqif Cəfərov" kran gəmilərində keçdim. Son təcrübəni isə “Caspian Marine Services”-in "Lənkəran" gəmisində başa vurdum. Bu təcrübələrdə nəzəri biliklərimi möhkəmləndirdim. Bu illər ərzində birlikdə üzdüyüm gəmi heyətlərinin üzvlərinə və həmin şirkət rəhbərliklərinə təşəkkürümü bildirirəm.

Son təcrübə əvvəlkilərdən nə ilə fərqləndi?

Əlbəttə ki, sonuncu təcrübə digərlərindən fərqlənməli idi. Çünki bu diplomqabağı təcrübə idi və dörd il ərzində öyrəndiklərimin yekunu olaraq təcrübədə tətbiqi idi. Həm də kifayət qədər məsuliyyətliydi. Bundan əlavə, qarşıda məni dövlət imtahanı gözləyirdi. Buna çox ciddi şəkildə hazırlaşırdım. Dünyada yayılmaqda olan pamdemiya bizim ölkəmizdən də yan keçmədi. Buna baxmayaraq tərübədə olduğum gəmidə bütün sanitar qaydalara riayət olunmaqla iş öz gücü ilə davam edirdi. Qarşıya qoyulan tapşırıqlar uğurla yerinə yetirildi.

Oxuduğun bu müddət ərzində müəllimlərdən eşitdiyin və həyatın boyu yadında saxlayacağın söz hansı oldu?

Bu illər ərzində bir çox müəllim auditoriya daxil olub, bir çox mühazirələr söyləyib, təcrübələrini bölüşüb. Bunların hər biri yaddaşımın bir hissəsində ən xoş, silinməz xatirələr kimi qalıb. Akademiyaya daxil olduğum ilk gündən professor- müəllim heyətinin dediyi bir kəlamı xüsusi qeyd etmək istərdim, "Dənizdə ən qiymətli şey insan həyatıdır". Məncə, bu deviz hər bir addımımızda özünü biruzə verməlidir.

İndi bir 11-ci sinif şagirdi səndən soruşsaydı ki, mən niyə bu Akademiyada oxumalıyam? Nə cavab verərdin? 

Öncə onu qeyd etmək istərdim ki, hər bir insan öz peşəsini sevərək seçməli və ona yiyələnməlidir. Sözsüz ki,  Azərbaycan Dövlət Dəniz Akademiyasının üstünlükləri çoxdur. Diplomunun 170-dən çox ölkə tərəfindən tanınmasını ən əsas uğurlardan biri kimi göstərmək olar. Akademiya tələbəsi olmaq iqtisadi baxımdan da sərfəlidir. Belə ki, Akademiya tələbələrini gündə iki dəfə yemək, güzəştli şərtlərlə yataqxana, pulsuz geyim forması ilə təmin edir. Təhsil baxımından burada çalışan professor-müəllim heyətinin əvəzsiz əməyini mütləq qeyd etmək lazımdır. Müəllimlərin dərsə, tələbəyə münasibəti tələbələrdə həmin fənnə sevgi ilə yanaşmalarını təmin edir. Bundan əlavə, Akademiya da fakültativ kimi tədris olunan "Üzgüçülük" və "Dəniz işi" kimi fənlər tələbələrin asudə vaxtının səmərəli keçirməsinə öz töhfəsini verir.  Abituriyentlərin hər birinə uğurlar arzulayıram. Hansı peşə sahibləri olacaqlarından asılı olmayaraq Vətənə, millətə şərəf və ləyaqətlə xidmət etmələrini arzu edərdim. 

Biz də sənə gələcək işlərində uğurlar arzulayırıq. Həmişə xoş xəbərlərini eşidək!

Təşəkkür edirəm! Son olaraq Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru cənab Heydər Əsədov başda olmaqla Akademiyanın bütün şəxsi heyətinə, o cümlədən hazırki bilik səviyyəsinə çatmağımda böyük əməyi olan professor-müəllimlərimizə minnətdarlığımı  bildirirəm.

Musa Əliyev - ADDA-nın İctimaiyyətlə əlaqələr üzrə mütəxəssisi


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır