

Gəmiçilik şirkətləri qlobal istixana qazı ödənişini dəstəkləyir, ABŞ administrasiyası etiraz edir
Dünyanın təxminən 200 gəmiçilik şirkəti istixana qazı emissiyalarını azaltmaq üçün ilk dəfə qlobal rüsumun tətbiq olunmasını dəstəklədiklərini bəyan ediblər.
“Getting to Zero Coalition” adlı koalisiya — gəmiçilik şirkətləri, hökumətlər və beynəlxalq təşkilatların ittifaqı Beynəlxalq Dəniz Təşkilatının (IMO) üzv dövlətlərinə müraciət edərək, oktyabr ayında Londonda keçiriləcək toplantıda yaşıl gəmiçiliyə keçidi sürətləndirəcək yeni qaydaları, o cümlədən qlobal rüsumu qəbul etməyə çağırıb.
Qlobal Dəniz Forumunun dekarbonizasiya proqramına rəhbərlik edən Cessi Fahnestock bildirib ki, bu qərarın siyasi əhəmiyyəti böyükdür və sənaye nümayəndələrinin dəstək səsini eşitdirmək vacibdir.
Lakin ABŞ administrasiyası təklifi qəti şəkildə rədd edir və qəbul olunacağı halda cavab tədbirlərini nəzərdən keçirdiyini açıqlayıb. ABŞ Dövlət Departamenti bildirib ki, ölkə “son dərəcə qüsurlu” bu təkliflə bağlı digər dövlətlərlə fəal müzakirələr aparır və əgər qəbul edilərsə, gömrük rüsumları, viza məhdudiyyətləri və liman haqları kimi tədbirlər nəzərdən keçirilə bilər. ABŞ-nin xarici siyasət və iqtisadiyyat sahəsində yüksək vəzifəli rəsmiləri isə bu mexanizmi “BMT tərəfindən amerikalılara tətbiq olunan qlobal karbon vergisi” adlandırıblar.
Bununla belə, ABŞ-də yerləşən bəzi gəmiçilik şirkətləri yeni qaydaları dəstəkləyir. Amerika Gəmiçilik Palatasının keçmiş prezidenti Keti Metkalf bildirib ki, şirkətlər çoxsaylı regional qaydalar əvəzinə vahid qlobal sistemin yaradılmasını istəyirlər. Onun sözlərinə görə, əks halda bəzi marşrutlarda eyni emissiyaya görə ikiqat ödəniş riski yaranacaq.
Son on ildə gəmiçilikdən yaranan emissiyalar artaraq qlobal ümumi həcmın təxminən 3 faizini təşkil edib. IMO artıq 2050-ci ilə qədər sektorda xalis sıfır emissiyaya nail olmağı hədəf qoyub və aşağı və ya sıfır emissiyalı yanacaqların istifadəsini genişləndirməyi planlaşdırır.
Aprel ayında IMO üzv dövlətləri hər ton istixana qazı emissiyasına görə minimum rüsum tətbiq edilməsini və daha təmiz dəniz yanacaqlarına mərhələli keçidi nəzərdə tutan qaydalar paketi barədə razılığa gəliblər. Lakin ABŞ həmin səsvermədə iştirak etməyib. ABŞ nümayəndə heyətinin oktyabrın 14–17-də Londonda keçiriləcək görüşdə iştirak edəcəyi bildirilir.
Yeni qaydaların 2027-ci ildən qüvvəyə minməsi gözlənilir. Əgər qəbul edilərsə, onlar 5 min tondan yuxarı ümumi tonnajlı iri gəmilər üçün məcburi olacaq. Bu tip gəmilər beynəlxalq gəmiçilikdə ümumi karbon emissiyalarının 85 faizini təşkil edir.
Ətraf mühit təşkilatları xəbərdarlıq edir ki, əgər razılaşma əldə olunmasa, sektorda dekarbonizasiya prosesi ləngiyəcək və qlobal istiləşmənin təhlükəli hədlərinin qarşısının alınmasına gəmiçilik layiqli töhfə verə bilməyəcək.
Beynəlxalq Gəmiçilik Palatası da daxil olmaqla, dünyanın yük donanmasının 80 faizindən çoxunu təmsil edən sənaye təşkilatları yeni qaydaların qəbulunu dəstəkləyirlər. Onların fikrincə, bu, şirkətlərə alternativ yanacaqlara və müasir texnologiyalara sərmayə yatırmaqda inam qazandıracaq.