• Bakı, 2020-10-21,
Seanews
Heyder Eliyev

Həkim məsləhəti - Pandemiya dövründə qəbul edilən qidaların bioloji və qoruyuculuq xüsusiyyətlərinə xüsusi diqqət yetirilməlidir

Düzgün həyat tərzinin və faydalı qidalanmanın insan sağlamlığının ən vacib şərtlərindən biri olduğunu desək, yəqin ki, yanılmarıq. İndiki pandemiya dövründə virusa qalib gəlməkdə güclü immunitetin rolunu nəzərə alsaq, əminliklə deyə bilərik ki, qida rasionunun doğru seçilməsi xüsusi əhəmiyyətə malikdir.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Tibb Universitetinin qidalanma və kommunal gigiyena kafedrasının müdiri, dosent İbrahim Əhmədov insan orqanizmini mürəkkəb bir mexanizm kimi səciyyələndirərək onun istər qidaya, istər havaya, istərsə də suya tələbatının zamana uyğun olaraq dəyişdiyini deyib: “Bildiyiniz kimi, yay mövsümü insanlar üçün xüsusi əhəmiyyət kəsb edən bir dövrdür. Belə ki, həmin mövsümdə ətraf mühitdə temperaturun yüksəlməsi insan orqanizmində suya tələbatın artmasına, müqavimətin qismən azalmasına və iştahanın nisbətən zəifləməsinə səbəb olur. Pandemiya ilə əlaqədar, xüsusilə, sərt karantin rejimi dövründə əksər insanların adinamiya şəraitində, hərəkətsiz vəziyyətdə qalması, ətraf mühitdən təcrid olunması onların həyat tərzinə, psixologiyasına, maddələr mübadiləsinin normal fəaliyyətinə mənfi təsir göstərir. Elə bu səbəbdən də qidalanmada kifayət qədər ehtiyatlı olmalı, qidanın bioloji və qoruyuculuq xüsusiyyətlərinə xüsusi diqqət yetirilməlidir. Məlumdur ki, yay mövsümündə vitaminlərlə, mineral maddələrlə, üzvi turşularla zəngin olan meyvə və tərəvəzlərdən geniş istifadə olunur. Qidamızın bioloji xüsusiyyətlərinə fikir vermədiyimiz zaman unuduruq ki, orqanizmimizi vitaminlərlə və minerallarla zənginləşdirməklə yanaşı, müxtəlif xəstəliktörədici amillərlə də çirkləndiririk”.

Onun sözlərinə görə, insanlar qidalanma rejimini də düzgün seçməlidirlər. Əgər buna fikir verilməzsə, bu, mədə-bağırsaq və maddələr mübadiləsinin pozulmasına səbəb ola bilər: “Adətən, yayda insanlar iştahalarının azaldığını deyirlər. Belə ki, bəzən insanlar hava isti olduğuna görə qida maddələrinə və enerjiyə tələbatın azaldığını düşünürlər. Yəni, orqanizmin, bədənin soyuq mövsümlərdə olduğu kimi istilik mübadiləsini tənzimləməyə, əlavə enerjiyə ehtiyacı qalmır. Lakin belə düşünmək doğru deyil. Çünki yay mövsümündə orqanizmdən kifayət qədər tər ifraz olunur ki, bu da enerjinin, mayenin, mineral duzların, vitaminlərin itkisinə, nəticədə isə bədəndə immunitetin zəifləməsinə gətirib çıxarır.

İnsan orqanizmi fərdi olaraq özü öz qidasını seçmək imkanlarına malikdir. Aydın məsələdir ki, insan payız-qış aylarında daha çox yağlı, doyumlu qidalara üstünlük verməyə çalışır. Ancaq yay mövsümündə bunlara meyil azalır. Ona görə də bu mövsümdə meyvə və tərəvəz məhsullarından istifadə etmək məsləhət görülür. Eyni zamanda, immun sistemini güclü vəziyyətdə saxlamaq üçün orqanizmə bədəndə sintez olunmayan amin turşuları da lazımdır. Bunlar süd, yumurta, ət, balıq məhsullarının tərkibində çox olduğundan bu məhsullardan da kombinasiya edilmiş şəkildə istifadə edilməlidir. Digər tərəfdən, insanlar qidanı rejimlə qəbul etməlidir. Eyni vaxtda qidalananda fizioloji olaraq mədə-bağırsaq sistemi, eləcə də sinir sistemi qidanın həzminə hazır olur, iştaha yaxşılaşır. Bu da sirr deyil ki, isti vaxtlarda iştaha çox zəngin yeməkləri yeməyə yol vermir və təbabətin bütün sahələrində çalışanların tövsiyələrinə əməl edən əksər insanlar axşamlar qida qəbul etmir və ya çox az qida qəbul edirlər. 35-40 dərəcə temperaturda nahar yeməyi zamanı hətta insan özünü nə qədər məcbur etsə də, doyumlu xörəkləri kifayət qədər qəbul etmək imkanı olmur. Axşam sərin düşəndə isə iştaha artır. Ona görə də heç qəbahət deyil ki, axşam yeməkləri doyumlu və kalorili olsun. Bunun üçün kombinasiyaları düzgün qurmaq lazımdır.

Yay mövsümündə səhər saat 06:00-09:00 və axşam saat 17:00-20:00 arası orqanizmin ultrabənövşəyi şüalarla da doydurulmasının vacibliyini vurğulayan mütəxəssis həmin müddətdə parkların, çimərliklərin, dəniz kənarının imkanlarından yararlanmağı tövsiyə edir: “İnsanların yay aylarında bioloji fəal maddələrə tələbatı yüksəlir. Xüsusilə də yaşlı insanlarda kalsiumun, D vitamininin çatışmazlığı hallarına rast gəlinir ki, bu da dayaq-hərəkət sistemi və sümük problemlərinin meydana çıxmasına səbəb olur. Buna görə də həmin vaxtlarda təbiət guşələrindən düzgün istifadə olunmalı, qidalanmada süd, kəsmik, qatığa üstünlük verilməlidir.

Onu da unutmamalıyıq ki, isti mövsümdə, xüsusilə yay aylarında insan orqanizmi gün ərzində tər vasitəsilə kifayət qədər maye itirir. Maye itkisi hesabına qanın qatılaşması nəticəsində mərkəzi sinir sisteminə gedən inferent reaksiya insanda susuzluq hissi yaradır və orqanizm suya olan tələbatını müxtəlif mayelərlə ödəməyə çalışır. İnsanlar çox zaman çiy suyun içilməsindən qorxduğuna görə qaynanmış sudan istifadə etməyə çalışırlar. Qaynanmış su isə maye tələbatını ödəsə də, orqanizmin minerallarla tələbatını ödəmir. Kobud ifadə etsək, bu suyu “ölü su” kimi qiymətləndirə bilərik. Bu mövsümdə maye tələbatının təkcə çayla, su ilə deyil, hazırda bol olan təbii meyvə şirələri, kompot, kisel ilə və s. ödəmək daha məqsədyönlü olar”.

Qəbul edilən suyun qana, limfaya keçib orqanizmdə dövr etməsi və sorulması, beyində susuzluq hissiyyatının yatırılması üçün azı 20 dəqiqə vaxt tələb olunduğunu söyləyən İ.Əhmədov bərk susamış insanın təşnəsini öldürmək üçün ard-arda kifayət qədər bol maye qəbul etməsini məqbul saymır: “Bu həm sinir, həm də mədə-bağırsaq sisteminə çox ciddi təhlükədir. Ona görə də mayeləri sərin, otaq temperaturunda və az soyudulmuş halda, lakin az-az, qurtum-qurtum içmək daha faydalıdır. Belə olduqda yanğı hissiyyatı aradan qalxır, izafi maye qəbulundan qaçmaqla ürəyin, böyrəklərin, eləcə də mədə-bağırsaq sisteminin əlavə yükə düşməsinin qarşısı alınır. İnsan müxtəlif təhlükələrdən, ani baş verə biləcək maddələr mübadiləsi, mədə-bağırsaq pozulmalarından qorunur.

Deməli, biz yuxu, qidalanma, su, istirahət rejimini düzgün qurmaqla maddələr mübadiləsinin orqanizm üçün maksimal dərəcədə mənfəətli məsrəfinə şərait yarada bilərik. Sağlam həyat tərzi hesabına immunitetimiz də yüksək olar. Süd məhsullarının, tərəvəz və meyvələrin tərkibində olan üzvi turşular, fermentlər həm sinir sisteminin sakitləşməsinə, həm də mübadilənin yaxşılaşmasına kömək etməklə koronavirusa da asanlıqla müqavimət göstərməyimizə imkan yaradar. Yaz artıq arxada qalıb. Heç olmazsa, yayın imkanlarından məqsədyönlü istifadə etməyimiz sağlamlığımızın rəhni ola bilər”.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır