• Bakı, 2020-10-27,
Seanews
Heyder Eliyev

“Yelkənli qayıq idmanı ilə məşğulsunuzsa, siz ən yaxşı idman növünü seçmisiniz”

Gəmilər həmişə mavi Xəzərin bəzəyi olub. Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi kimi, yelkənli idman növünün də yaşı az deyil. Başlanğıcını inqilabdan əvvəlki dövrlərdən götürən yelkənli idmanın müasir dövrümüzə gəlib çatmasında mühüm rolu olan insanlardan biri də qocaman məşqçi-yelkənçi İqor Yevgenyeviç Koçetkovdur.



- İqor Yevgenyeviç, özünüz barədə biraz məlumat verin.

- 1960-cı ildə Bakıda anadan olmuşam, Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirmişəm. 1971-1991-ci illərdə ümumittifaq, beynəlxalq və respublika yarışlarında doğma Azərbaycanı təmsil etmişəm. 1992-1998-ci illərdə Respublika Ali İdman Məktəbində məşqçi kimi çalışmışam.


   

- Dənizə və məhz bu idman növünə sevgi sizdə necə yaranıb?

- Mənim atam da, babam da dənizçi olub. Biz Dənizkənarı Bulvarın yaxınlığında yaşayırdıq. Qonşumuz “Vodnik” klubunda yelkənli idman növü ilə məşğul olurdu. Öz oğlu ilə yanaşı, məni də bu idmana həvəsləndirdi...



- Öz peşəniz haqqında danışın, bu peşənin özəllikləri nədən ibarətdir?

- Ümumiyyətlə, məşqçilik çox məsuliyyətli işdir. Yelkənli qayıq idmanı üzrə məşqçilik isə daha çətindir. Çünki dəniz qeyri-ciddiliyi və məsuliyyətsizliyi sevmir. Dənizdə bir dəfə səhv edərsən və bu sənə hətta həyatın bahasına başa gələ bilər. Əgər diqqətli və ayıq olsan, əksinə, çətinliklə az üzləşər, daha çox həzz alacaqsan. Mən bir məşqçi olaraq, onlarla gənc oğlanı və qızı yelkənçi kimi yetişdirdiyim və onlara dənizə sevgini aşıladığım üçün özümü çox xoşbəxt sanıram.



- Yelkənli qayıq idmanı insandan hansı keyfiyyətləri tələb edir?


- İradə, qətiyyət, fədakarlıq və əlbəttə ki, cəsurluq.

- İdmanla məşğul olduğunuz uzun illər ərzində yadınızda qalan ən maraqlı hadisə hansı olub?

- Hazırda Rusiyada yaşayıram və yenə də idmançı həyatım davam edir. Sözsüz ki, yadda qalan hadisələr çox olub. Amma mənim üçün ən xoş xatirələrdən biri Aktauda keçirilən “Xəzər – dəniz qədər dostluq” beynəlxalq reqatada doğma bakılılarımla uzun illər sonra görüşməyim olub. Orda həm məşqçi dostlarımla, həm də bir zamanlar hazırladığım idmançılarla çox səmimi görüş oldu. Yelkənçilik – hər şeydən əvvəl – dostluq və həmrəylik deməkdir. Biz rəqabətdən daha çox bir-birimizə əlimizdən gələn vasitələrlə daim köməkçi olmuşuq. 



- Yelkənçilik sahəsində hansı uğur və nailiyyətləri əldə etmisiniz?

- On beş dəfə müxtəlif siniflər üzrə (“Kadet”, 420, 470)  Azərbaycan çempionu olmuşam. 1976-cı ildə Taqanroqda “Kadet” sinfi üzrə bürünc medal, 1979-cu ildə Sevastopolda SSRİ Silahlı Qüvvələr Gününə həsr olunmuş çempionatda “470” sinfi üzrə gümüş medal qazanmışam, 1983-cü ildə Tallində SSRİ xalqlarının spartakiadasında 6-cı yeri tutmuşam. Aktauda keçirilən “Xəzər – dəniz  qədər dostluq” beynəlxalq reqatasında” 1-ci yerə layiq görülmüşəm. Bir sıra dünya və Avropa çempionatlarında uğurla iştirak etmişəm.



- Hazırda yelkənçiliklə məşğul olan gənclərə arzu və məsləhətlərinizi bilmək istərdik.

- Cəsarətli, xeyirxah və ayıq olmağı tövsiyə edərdim. Yelkənli qayıq idmanı ilə məşğulsunuzsa – arxayın olun, siz ən yaxşı idman növünü seçmisiniz. Sizə uğurlar arzu edirəm!


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır