Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-16,
Seanews
Heyder Eliyev

Zadəganların üstünlük verdiyi idman növü - FOTOLAR

Başlığı oxuyan kimi yəqin, dərhal "Formula 1" yarışları barədə düşündünüz. Bu da ondan irəli gəlir ki, zadəganların sevdiyi əsas idman növünün  əslində yelkənli qayıq yarışı olduğunu az adam bilir.

Bu dəfə sizə yerindəcə bu idman növündən danışacağıq.

Beləliklə,  Dənizkənarı Milli Parkda yerləşən Yaxt-kluba yollanırıq. Çünki, yelkənli idmanın sirləri burada öyrədilir.

Bəli, əsası 1889-cu ildə qoyulan Yaxt-klubda mehmanxana və restoranla yanaşı, "Xəzər" Yelkənli Qayıqlar İdman Klubu da fəaliyyət göstərir. Hələ Çar Rusiyası dövründən  mövcud olan bu klub müxtəlif dövrlərdə fərqli adlarla (Xəzər, Dinamo, Neftçi, Vodnik, Burevestnik və s.) fəaliyyət göstərib. 20-ci əsrin 80-ci illərində klubun fəaliyyəti dayanır. Uzun fasilədən sonra 2014-cü il mayın 16-da "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin sədri Rauf Vəliyevin göstərişi ilə klubun fəaliyyəti bərpa edilir.  




Tatyana Srebnaya sözügedən klubun direktorudur. O deyir ki,  klub əvvəllər indiki Dəniz Vağzalı ərazisində fəaliyyət göstərirdi. Yelkənli qayıq idman növü ilə yanaşı, burada güləş, cüdo və digər idman növləri də keçirilirdi. Şəhərin və yolların rekonstruksiyasından sonra klub indiki Yaxt-klub ərazisinə köçürülür.  9 yaşından “yelkən qaldıran” Tatyana xanım 2014-cü ildən kluba rəhbərlik edir. O, uşaq vaxtı basketbol və gimnastika ilə də məşğul olub. Bu idman onun üçün artıq həyat tərzinə çevrilib. İndi də arabir vaxtı olanda dənizə çıxır və hər dəfə özünü ilk dəfə çıxmış kimi hiss edir. Onun sözlərinə görə, bu zadəganların ən çox üstünlük verdiyi idman növüdür. Yelkənli qayıq idmanı mükəmməl sağlamlıqla yanaşı, insana həm fiziki, həm də mənəvi azadlıq aşılayır. Günəş, hava və dəniz bu idman növü ilə məşğul olanların ən yaxın dostudur.  Tatyana xanım istirahət günlərini də klubda keçirir, klubun administrativ işləri ilə məşğul olur.  2018-19-cu illərdə Ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümünə həsr edilmiş “Baku Sailing Regatta” yarışlarına uğurla imza atan bu klub – hərbi parad, Novruz bayramı, 28 May, Silahlı Qüvvələr Günü və s. bayramlarda və dövlət tədbirlərində də çıxış edir.  Klub direktoru kimi Tatyana xanımın ən böyük arzusu bu idmana daha çox yeniyetmə və gənci cəlb etməkdir. Onun fikrincə, Xəzər kimi dənizi və mülayim iqlimi olan şəhərdə yaşayıb bundan yetərincə istifadə etməmək “günahdır”. 



Növbəti müsahibimiz klubun üzgüçülük üzrə məşqçisi Janna Məmmədovadır. 15 yaşından avarçəkmə ilə məşğul olan Janna xanım çempionluq titulunu əldə edib və beynəlxalq məşqçi statusunu qazanıb. Şəxsən Ümummilli lider Heydər Əliyevdən minnətdarlıq məktubu alıb. Janna xanım qeyd edir ki, bu idman növü ilə məşğul olmaq üçün yaş həddi yoxdur. Onun ən cavan tələbəsinin 6, ən yaşlı tələbəsinin isə 66 yaşı olub. Janna xanımın yanına gələn azyaşlı uşaqlar, bu idmanla bir müddət məşğul olduqdan sonra onlar orta məktəbdəki dərslərini yaxşı oxumağa başlayır və daha məsuliyyətli olurlar.


Klubun yelkənli qayıq üzrə təlimatçı-metodisti Mixail Protasov da söhbətə qoşulur. İlk dəfə 1998-ci ildə yelkənli qayıqla üzməyə çıxan 31 yaşlı Mixail Tatyana Srebnayanın tələbəsi olub. 2000-ci ildən bu idmanla məşğuldur. Tələbələrə zəng edib təlimlər haqqında məlumat vermək, onları bir yerə toplamaq üçün vaxt və yer təyin etmək, dənizdə mövcud qaydaları izah etmək metodistin əsas vəzifələrdəndir. Bu idmana gənclərin onsuz da çox olan marağının daha da artması və yeni qayıqların alınması bir klub üzvü kimi Mixailin ən böyük arzularındandır.

Müəllif: İlqar Quliyev

Fotolar:  Turab Məmmədov

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır