Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-26,
Seanews
Heyder Eliyev

İlin ən yaxşı müəllimi: ADDA-da istənilən xarici ölkə vətəndaşının təhsil alması üçün şərait var

İsaq Xankişiyev 1984-cü il yanvarın 30-da Lənkəranın Nərimanabad qəsəbəsində dünyaya göz açıb. 2001-ci ildə Azərbaycan Dövlət Dəniz Akademiyasının “Gəmiqayırma və gəmi təmiri” ixtisasına qəbul olub. 2005-ci ildə bakalavriat səviyyəsini bitirib. 2007-2009-cu illərdə “Gəmiqayırma və dəniz texnikası” ixtisası üzrə magistratura pilləsində təhsil alıb və 2013-cü ildən doktoranturada təhsilini davam etdirib.

2018-ci ildə “Gəmi gövdəsinin qaynaq birləşmələrinin keyfiyyətinin qiymətləndirilməsi və təmin edilməsi” mövzusunda dissertasiya işini uğurla müdafiə edib. 2019-cu ildən texnika elmləri üzrə fəlsəfə doktorudur və kafedranın dosentidir. 22 elmi məqalənin, 15 fənn proqramının, 3 metodik göstərişin müəllifidir. Akademiyanın Tələbə Elmi Cəmiyyətinin sədri, Elmi Şurasının, Həmkarlar İttifaqı Komitəsinin və YAP-ın üzvüdür.

İsaq müəllim, əmək fəaliyyətinizə nə vaxtdan başlamısınız?

2007-2009-cu illərdə Azərbaycan Dövlət Dəniz Akademiyasında “Gəmi elektrik avadanlığı” kafedrasında laborant, 2010-cu ildən “Gəmiqayırma və gəmi təmiri” kafedrasında laboratoriya müdiri, 2012-ci ildən assistent və ixtisas üzrə tyutor, 2016-cı ildən kafedranın baş müəllimi, həmçinin “Gəmi mexanikası” fakültəsinin dekan müavini vəzifələrində çalışmışam. Bir müddət Tədris qeydiyyat şöbəsinin müdiri olmuşam. Hazırda “Gəmiqayırma və gəmi təmiri” kafedrasının müdiri vəzifəsini icra edirəm.

ADDA-da dənizçilik təhsilinin üstünlükləri barədə nə deyə bilərsiniz?

Öncə onu deyim ki, Akademiyada tədris prosesində yeni müasir avadanlıqlarla təchiz edilmiş laboratoriya və trenajorlardan geniş istifadə etdirilir. Laboratoriyalar və trenajorlar gəmilərin layihələndirilməsində və istismarında istifadə edilən, müasir tələblərə cavab verən yeni proqram təminatları ilə təmin edilir.Akademiyanın diplomu dünyanın 170-dən çox ölkəsində tanınır və Akademiya müxtəlif  ölkələrin 17 universiteti ilə ikitərəfli əməkdaşlıq edir. Akademiya təhsil və dənizçilik sahəsində bir neçə nüfuzlu və beynəlxalq qurumların sertifikatlarına malikdir. Hazırda ADDA-da ali təhsilli kadırların hazırlanması 3 dildə - Azərbaycan, rus və ingilis dillərində həyata keçirilir. Bu da istənilən ölkədən xarici vətəndaşların burada təhsil almalarına imkan yaradır. Azərbaycanda gəmiçilik sahəsi sürətlə inkişaf edir, gəmiçiliyin donanması yenilənir, müasir tipli gəmilərin tikintisi davam etdirilir. 

Tələbələrinizə nələri məsləhət görürsünüz?

İlk növbədə təhsil aldıqları peşəni sevsinlər. Belə olduqda, onlar hər zaman həvəslə oxuyacaqlar, dünyada bu sahədə olan yenilikləri daim izləyəcəklər, yalnız ana dilində olan ədəbiyyatları deyil, müxtəlif ədəbiyyatları oxuyacaqlar, araşdıracaqlar. Bu da, öz növbəsində, onları əlavə dil öyrənməyə sövq edəcək. Yəni, insan öz peşəsini sevirsə, bu yolda irəli getməkdə heç bir maneə onun qarşısını kəsə bilmir.

Rəhbərlik etdiyiniz kafedranın fəaliyyəti ilə bağlı nə deyə bilərsiniz?

“Gəmiqayırma və gəmi təmiri” kafedrasında hazırda 5 professor, 4 dosent, 3 baş müəllim və 3 köməkçi tədris heyəti çalışır. Əlavə olaraq, 1 professor, 1 baş müəllim və 1 assistent saat hesabı tədrisə cəlb edilib. Kafedranın balansında 2 tədris emalatxanası, 2 laboratoriya və 1 ixtisaslaşdırılmış auditoriya var.  Bundan başqa, gəmilərin avtomatik layihələndirilməsi üçün “CADMATİC” adlı laboratoriya qurulub və bu yaxınlarda fəaliyyətə başlayacaq. Kafedrada “Gəmilərin konstruktiv möhkəmliyi, təhlükəsizliyi, üzmə keyfiyyətlərinin, istehsal və təmir texnologiyalarının effektivliyinin yüksəldilməsi” istiqamətində elmi-tədqiqat işi aparılır.

İsaq müəllim, son olaraq nə demək istərdiniz?

 ASCO-nun sədri Rauf Vəliyevin sərəncamı ilə 2018-ci ilin ən yaxşıları nominasiyasında “ən yaxşı müəllim” mükafatına layiq görülmüşəm. Bu, həm məni, həm də doğmalarımı çox sevindirdi. Buna görə ASCO-nun sədri cənab Rauf Vəliyevə və ADDA-nın rəhbərliyinə dərin minnətdarlığımı  bildirirəm. Bundan sonra da mənə göstərilən etimadı doğrultmağa çalışacam.

Musa Əliyev - ADDA-nın İctimaiyyətlə əlaqələr üzrə mütəxəssisi


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır