Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-25,
Seanews
Heyder Eliyev

Dənizçi şəcərəsi: baba, oğul və nəvə

Cahangir Mirzəyevin 28 yaşı var. Hazırda ASCO-nun Xəzər Dəniz Neft Donanmasına məxsus “Kapitan Ağasıyev” liman yedək gəmisində böyük mexanik kimi çalışır. Demək olar ki, Donanmanın ən gənc böyük mexaniklərindəndir.

Cahangir babası Məhəmmədhüseyn Mirzəyev və atası Mehdi Mirzəyevin yolunu davam etdirir və bununla qürur duyur.

-Necə oldu ki, dənizçiliyi seçdiniz sualı yersiz olar. Hər halda, səbəb babanız və atanızdır.

-Bəli, babam Məhəmmədhüseyn Mirzəyev 35 il dənizdə işləyib. Atam isə artıq 38 ildir ki, bu sahədədir. Hazırda Xəzər Dəniz Neft Donanmasında kapitan kimi çalışır. Təəssüf ki, babamla dənizçilik barədə danışmaq imkanım olmayıb. O, mən uşaq olanda dünyasını dəyişib. Amma atamın təcrübəsindən xeyli yararlanmışam. O, özü də dənizçi olmağımı çox istəyirdi.

-Tələbəlik illərini xatırlayaq…

-Azərbaycan Balıq Sənayesi Texnikumunu bitirmişəm. Təhsil aldığım illərdə söhbətlərimiz ancaq dəniz və gəmi haqqında olurdu. Bugün sevindirici haldır ki, qrup yoldaşlarımın böyük əksəriyyəti dənizdə çalışır. Onlarla tez-tez görüşürük.  

-Karyeranıza hardan və necə başladınız?

-2009-cu ildə texnikumu bitirib, hərbi xidmətə getdim. Qayıtdıqdan sonra 2010-2011-ci illərdə xarici şirkətlərin birində motorçu kimi təcrübə keçdim. Fəaliyyətimə də motorçu olaraq başladım, daha sonra növbətçi mexanik diplomu aldım.   2011-ci ildə Xəzər Dəniz Neft Donanmasına işə qəbul oldum.  Əvvəlcə kiçik həcmli gəmilərdə ikinci mexanik kimi çalışdım.  Sonradan qarşıma məqsəd qoydum ki, donanmamızın flaqman gəmilərində işləməli və vəzifədə yüksəlməliyəm. 2014-ci ildən “İrgiz”, “Aydın Məmmədov”, “Ramiz Hacıyev”, “Avior”, “Ədalət Gülməmmədov”, “Kapitan Ağasıyev” və bir çox gəmilərdə ikinci mexanik işləmişəm. Hazırda  “Kapitan Ağasıyev” gəmisinin böyük mexanikiyəm.

 

-Dənizçi kimi özünüzə aid xüsusi prinsipləriniz varmı?

-Çalışıram ki, vəzifə öhdəliklərimi qüsursuz yerinə yetirim. İşimi donanma qaydalarına uyğun, şirkətin maraqları çərçivəsində qururam. Ən əsası, vəzifəmi vicdanla yerinə yetirirəm.  Düşünürəm ki, insan vəzifəsindən asılı olmayaraq ilk hesabatı özünə verməlidir. Mən “görəsən, etimadı doğrulda bilirəm, ya yox? “ sualını özümə tez-tez verirəm. Hər kəs bacardığı işlə məşğul olmalıdır. Bacarmırsansa, öyrənməyə çalış. Burda qəbahət yoxdur. Cəhd edirsən və yenə də alınmırsa, deməli, başqa sahənin adamısan.

-Gəmi mühitindən danışaq. Evdən çox gəmidə olursunuz. Bu mühitdə nə tələb olunur?

-Gəmi mühitü insana möhkəm, iradəli olmağı öyrədir. Çalışmaq lazımdır ki, hər bir çətinliyin öhdəsindən gələsən. Bir də dənizdə dəqiq və keyfiyyətli qərar qəbul etmək vacib məsələdir. Bəzən bir dənizçinin kiçik səhvi böyük faciəyə səbəb ola bilər. Bu məsuliyyəti dərk etmək lazımdır. Özünü, ailəni təhlükələrdən necə qoruyursansa, dənizçi dostlarını da elə qorumalısan!

-Donanmanın ən gənc böyük mexaniklərindənsiniz. Bunu necə bacardınız?

-Dənizçilik elə bir sahədir ki, burda ancaq zəhmət, səbr və əzmkarlığın hesabına uğur qazanmaq mümkündür. Düşünürəm ki, məndə sadaladığım keyfiyyətlər olmasaydı, istəyimə nail ola bilməzdim. Ümumiyyətlə, ASCO-nun gəmilərində gənclərə çox rast gəlmək olar. Buna ancaq sevinmək və onlara stimul vermək lazımdır.

-Hədəfiniz nədir?

-Öncə hazırda aldığım ali təhsilimi bitirmək istəyirəm. Gələcəkdə isə idarəetmə sahəsində işimi davam etdirmək fikrim var.

-Dənizçi dostlarınıza nələri tövsiyə edərdiniz?

-Hər kəsə bu sahəyə gəlməmişdən qabaq hər bir məqamı yaxşı incələməyi və şəxsi fikirləri ilə seçim etmələrini məsləhət görürəm. Peşənizi sevin, daim axtarışda olun, oxuyun, həm də işləyə-işləyə zamanınızı səbrlə gözləyin. Mütləq nəticə yaxşı olacaq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır