Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-08,
Seanews
Heyder Eliyev

ZGTTZ-nin direktorunun müavini Mədət Şükürov 65 illik yubileyini qeyd edir - MÜSAHİBƏ

Bu gün “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunun (ZGTTZ) direktorunun müavini-bölmə rəisi Mədət Şükürov 65 illik yubileyini qeyd edir.

Mədət Şükürov 1 yanvar 1959-cu ildə Kürdəmir rayonu Çölərəb kəndində anadan olub. 1976-cı ildə M. Abdullayev adına Muradxan kənd orta məktəbini bitirərərək sənədlərini Azərbaycan Neft və Kimya İnstitutuna verib. 1981-ci ildə buranı Neft və qaz mədənlərinin maşın və avadanlıqları/mühəndis-mexanik ixtisası üzrə uğurla başa vurub.  

Əmək fəaliyyətinə 1981-ci ildə Üzən Qurğularla Kəşfiyyat Qazma İdarəsində qazma avadanlıqlar üzrə çilingər kimi başlayıb. O bu İdarədə şöbə rəisi vəzifəsinədək yüksəlməyi bacarıb. 2018-ci ildən isə ASCO-nun “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda Zavod direktorunun müavini-bölmə rəisi vəzifəsində işləyir.

65 illik yubileyini qeyd edən Mədət Şükürovla hazırladığımız müsahibəni təqdim edirik:

Mədət müəllim, şərəfli ömür yolu keçmisiniz. Geriyə baxdıqda sizi qürurlandıran çox hadisələr var, yəqin ki.

Mən fəxr edirəm ki, əmək fəaliyyətimə Xəzər dənizində ilk dəfə istismara verilən yarımdalma üzən qazma qurğusunda başlamışam. 1998-ci ilə kimi ardıcıl olaraq tikilib istismara buraxılan qurğuların hazırlanmasında, dənizdə yeni neft-qaz yataqlarının aşkar edilməsi üçün qazılan quyuların inşasında və sınaq yoxlama işləri apararaq həmin yataqların imkanlarının qiymətləndirilməsində iştirak etmişəm. Ölkəmizin iqtisadi inkişafında müstəsna rol oynayan Azəri, Çıraq və Günəşli yataqlarının ilkin sınaq açılışında Sınaq-yoxlama şöbəsinin rəisi kimi şəxsən iştirak etmişəm. 1998-ci ildən isə “Caspian Shipyard Company” şirkətində ilk dəfə olaraq Azərbaycanda üzən qazma qurğularının inşasına başladıq. Yadımdadır, birinci “Qurtuluş” qazma qurğusunun istismara buraxılması mərasimi 2001-ci ildə Ümummilli Lider Heydər Əliyevin iştirakı ilə baş tutdu.

 Həmçinin “Lider” qurğusu, Şahdəniz yatağı üçün tikilən “TPG 500” platforması, Xəzəryanı digər ölkələr üçün 20-dən çox müxtəlif layihələrin yerinə yetirilməsi işində də iştirakım olub. 

 Bundan başqa, 2016-cı ildə “Heydər Əliyev” adına 6-cı nəsil üzən qazma qurğusunun inşa edilməsində töhfəm olub. Bu qazma qurğusu cənab Prezidentimiz İlham Əliyevin iştirakı ilə baş tutdu.

 Siz həm də “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunun (ZGTTZ) inşa etdiyi yedək gəmilərinin tikintisində iştirak edirsiniz.

Bəli, artıq bu seriyadan olan iki gəmi istismara verilib. Onlardan biri "ASCO 1", digəri isə "Tərtərçay" gəmisidir. 

Uzun illərdir ki, yorulmadan çalışırsınız. Sizi güclü edən səbəb nədir?

Hər zaman “İnsanı zəhmət ucaldır” prinsipinə söykənmişəm. Özümü inkişaf etdirmək üçün yeniliklərə daim açıq olmuşam. Sevinirəm ki, zəhmətim də hədər getməyib. Hər zaman özümə qarşı dəstək və hörmət görmüşəm.

“Zəhmətim hədər getməyib” ifadəsini bəzən yalnız maddi anlamda söyləyirlər. Bəs, siz necə düşünürsünüz?

Əlbəttə ki, burada zəhmətin maddi qarşılığı məsələsi də var. Amma mənim üçün mənəvi nemətlər daha dəyərlidir. Təkcə bir faktı deyim: mən xoşbəxtəm ki, 2001-ci ildə Ulu Öndərimiz Heydər Əliyev tərəfindən “Tərəqqi” medalına layiq görülmüşəm. Bu mənə verilən böyük dəyər və qiymətdir.

Peşənizin həyatınızdakı rolunu necə qiymətləndirirsiniz?

Nail olduğum hər nə varsa, birinci növbədə valideyinlərimə, daha sonra müəllimlərimə və əlbəttə ki, öz peşəmə borcluyam. Mənim həyat amalım qurub-yaratmaqdır. Şadam ki, sahib olduğum peşəmlə buna nail olmuşam. İndi isə bir amalım var: bildiklərimi öyrətmək

Gənclərə nələri tövsiyə edərdiniz?

Öyrənmək istəyərkən maksimum öyrənməyi seçsinlər. Tətbiq etmək vaxtı gələndə isə digərlərinin təcrübəsindən bəhrələnsinlər, məsləhətləşsinlər, müzakirələrdə iştirak etməkdən çəkinməsinlər. Ən əsası isə, biliklərini bölüşərək zənginləşdirsinlər.

Müsahibə üçün təşəkkür edirik. Sizi doğum gününüz münasibətilə təbrik edir, cansağlığı, fəaliyyətinizdə uğurlar arzulayırıq.

Çox sağolun!

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır