Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-10,
Seanews
Heyder Eliyev

Gəmilərimizin ay-ulduzlu bayrağımızla səfərlərə çıxacağına həmişə inanan uzaq səfərlər kapitanı

30 yaşında “Uzaq səfərlər kapitanı” idi və o vaxt SSRİ Dəniz Donanması Nazirliyi tərəfindən bu ada layiq görülən ən gənc azərbaycanlı sayılırdı.

Söhbət “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz üzgüçülüyünün təhlükəsizliyi departamenti rəisinin müavini vəzifəsində çalışan uzaq səfərlər kapitanı Şahlar Məmmədovdan gedir. O həm də gənc dənizçi nəslinin yetişməsinə böyük töhfə verir, öz bilik və təcrübəsini Azərbaycan Dövlət Dəniz Akademiyasının tələbələri ilə bölüşür.

Dediyinə görə, taleyini dənizlə bağlamaq qərarını hələ Ucar rayonunun Ramal kənd məktəbində oxuduğu ilk illərdə vermişdi. Arzusu ilə maraqlananlara da iftixarla deyirdi:”Mən gəmi kapitanı olacağam!”

Amma nəhəng gəmilərin sükanı ona etibar edilənə kimi neçə təhsil ocağının asan olmayan imtahanlarından, neçə dənizin çətin sınaqlarından uğurla keçdi. Sular qoynunda ilk səfərinə 1978-ci ilin yanvarında  matros kimi çıxan Şahlar Məmmədov sonralar kapitanın üçüncü, ikinci, böyük köməkçisi və kapitan işləyəndə də öyrənməkdən heç vaxt yorulmadı, nə qədər çox bildisə, fırtınalar qoynunda da özünü o qədər inamlı hiss etdi.

“Dardanel və Bosfor boğazlarından dəfələrlə keçmişdim. İlk dəfə kapitan köməkçisi, sonralar kapitan kimi! Həmin boğazları keçəndə gəmilərin hərəkətinə nəzarət edən və bələdçi ilə təmin edən VTC (Gəmi Trafik Kontrolu)  postları ilə VHF/UQD əlaqə vasitəsi ilə tez-tez təmasda olurduq. Bəzən radio əlaqələrimiz lazım olandan da çox davam edirdi. Deyirdilər, “Şahlar kapitan, sən danış. Sənin danışığın bizə çox xoşdur. Sən əski dilimizdə danışırsan”.

Amma bəzən ürək ağrısı ilə deyirdilər ki, Azərbaycan, Azərbaycan deyirsiniz, amma gəmiləriniz Sovetlər Birliyi, rus bayrağı altında üzürlər. Belə söhbətlərin birində onlara dedim ki, vaxt gələcək bizim  gəmilər də  öz bayrağımız altında bu boğazları keçəcək və Türkiyə limanlarına daxil olacaqlar. Mən də Bosfor və Dardaneldən müstəqil Azərbaycan bayrağı ilə keçən ilk kapitan olacağam.

Gerçəkləşən arzu və ya yerinə yetirilən söz

1991-ci ilin mayında kapitan Şahlar Məmmədov o vaxtkı “Bolşevik Əliyev” tankerinə təyinat alır. Kapitan həmin günü çox gözəl xatırlayır:

“Yükümüzü təyinat limanında təhvil verdikdən sonra  yenə yük götürmək üçün Odessa  limanına  növbəti səfər üçün gedirdik. İonik dənizindən Egey dənizinə təzəcə daxil olmuşduq. Bir müddət sonra Dardanel, daha sonra Bosfor boğazından keçməli idik. Bakıdan Xəzər Dəniz Gəmiçiliyindən, Baş idarədən radioqram gəldi. Radioqramı oxuyanda məni həyəcan, sevinc, qürur hisləri bürüdü. İxtiyarsız gözlərim doldu. Radioqramda deyilirdi ki, bugündən Azərbaycan gəmiləri üçrəngli bayrağımız (təsviri və ölçülər verilmişdi) altında üzəcəklər. Bəli, arzuladığım gün gəldi. Biz müstəqilliyimizi bərpa etmişdik. Bundan sonra daxil olacağımız bütün limanlarda gəmilərimizi Azərbaycanın öz bayrağı ilə tanıyacaqdılar.

Həmin an türk dostlarıma verdiyim söz yadıma düşdü. Onlara boğazlardan öz bayrağımızla keçəcəyimi demişdim. Qismətə bax! İstiqamətimiz Dardanel və Bosfora idi. Bəs dənizin ortasında Azərbaycan bayrağını haradan tapaq?”

Tapdılar da! Amma əvvəlcə tankerin tüstü borusunun üzərindəki oraq və çəkiçin üstündən qalın boya çəkib SSRİ-nin simvollarını bir gecədə gözdən itirdilər. Bayrağa gəldikdə isə...  

Öyrənməkdən və öyrətməkdən heç vaxt yorulmayan Şahlar müəllimi yenə  o günə qaytarırıq:

“Deməli gəmimizdə bir çox ölkələrin bayraqları var idi. Hər bayraqdan bizə lazım olan rəngləri kəsib ayırdıq. Tikiş maşını ilə bu parçaları səliqə ilə birləşdirib Azərbaycan bayrağı düzəldə bildik. Səhər hər şey hazır idi. Dardanel boğazına yaxınlaşanda boğazın VTC (Gəmi Trafik Kontrolu)  postu ilə əlaqəyə çıxdım. Dedim, danışan “Bolşevik Əliyev” gəmisinin kapitanı Şahlar Məmmədovdur. Biz Dardanelin girişinə yaxınlaşırıq. Həm də sizə  söz  verdiyim kimi, öz üçrəngli  bayrağımızla. Bundan sonra biz artıq həmişə öz bayrağımız altında üzəcək, Dardanel və Bosforu da Azərbaycan bayrağı ilə keçəcəyik.”

Şahlar kapitan deyir ki, biz Dardanel boğazını, Mərmərə  dənizini və Bosfor   boğazını böyük fəxr və sevinclə, öz  üçrəngli, aypara-ulduzlu bayrağımızı dalğalandıra-dalğalandıra, günün işıqlı  vaxtında Türkiyəyə, o  cümlədən  naviqasiyanın sıx, intensiv olduğu  bu rayonlarda  bütün  gəmilərə, hər kəsə göstərməklə keçdik”.                                                                

Bütün insanlar kimi, uzaq səfərlər kapitanı Şahlar Məmmədovun da ürəyindən çox arzular keçib. Gəmilərimizin müqəddəs üçrəngli bayrağımızla səfərlər etməsi arzusunun bir gün gerçəkləşəcəyinə isə o qədər inanıb ki, qırmızı imperiyanın bütün dünyanı lərzədə saxladığı vaxtlarda da dilə gətirməkdən çəkinməyib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı Sərəncamlarla Şahlar Məmmədov 2009-cu ildə Xəzər Dəniz Gəmiçiliyi işçilərinin peşə bayramı günü ilə əlaqədar səmərəli fəaliyyətinə görə "Tərəqqi", 2018-ci ildə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illik yubileyi münasibətilə və dəniz nəqliyyatının inkişafında xidmətlərinə görə “Gəmiçilik sahəsində xidmətlərə görə” medalları ilə təltif edilib. 

Musa Əliyev - İctimaiyyətlə əlaqələr departamentinin mütəxəssisi


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır