Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-27,
Seanews
Heyder Eliyev

Qürurla Xatırlayırıq: Yüksəkixtisaslı dənizçi kadrların hazırlanmasında böyük əməyi olan Ağaisa Mustafayev 

Ağaisa Cabbar oğlu Mustafayev 1905-ci il sentyabrın 28-də Bakı şəhərində anadan olub.

1922-1931-ci illərdə Xəzər hərbi dəniz donanmasında xidmət edib. 1931-ci ildən taleyini Bakı dənizçilik məktəbi ilə bağlayıb. Müəllim, hərbi hazırlıq rəhbəri, hərbi hazırlıq işləri üzrə rəis müavini, məktəbin rəisi işləyib. Təhsil ocağında çalışdığı otuz yeddi ildə yüksəkixtisaslı kadrların hazırlanması üçün əlindən gələni əsirgəməyib. Müdavimlərin vətənpərvərlik ruhunda tərbiyəsi üçün böyük zəhmət çəkib. A. Mustafayev  dənizçilər üçün intizamı vacib şərt sayaraq, məktəbdə nizam-intizama ciddi fikir verib. Tələbkarlığı ilə seçilən Ağaisa müəllim ilk baxışdan sərt adam təsiri bağışlasa da, hədsiz dərəcədə mehriban  və həssas qəlbli insan olub, müdavimlərə həqiqi mənada ata kimi qayğıkeşlik göstərib. Çoxsaylı yetişdirmələrinin sorağı demək olar ki, vaxtilə Sovet İttifaqında fəaliyyət göstərən bütün gəmiçiliklərdən gəlib.

Ağaisa Mustafayev mədəni, savadlı, nəcib insan kimi kollektivdə böyük nüfuz və hörmət sahibi olub.  Fədakar əməyi layiqincə qiymətləndirilib. 1948-ci ildə “Qırmızı Ulduz”, 1954-cü ildə “Qırmızı Bayraq” ordenləri, 8 medalla təltif edilib. “Dəniz Donanmasının fəxri işçisi” adına layiq görülüb.

Azərbaycanın Əməkdar müəllimi, istefada olan polkovnik  Ağaisa Mustafayev 1982-ci ildə dünyasını dəyişsə də, xatirəsi bu gün də böyük ehtiramla yad edilir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır