Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-29,
Seanews
Heyder Eliyev

BTC kəmərinin çəkilişi ilə bağlı İstanbul Bəyannaməsinin imzalanmasından 22 il ötür

Azərbaycanın yeni neft strategiyasının təməl daşı olan “Əsrin müqaviləsi”nin mühüm tərkib hissələrindən birini də xarici şirkətlərlə birlikdə hasil olunan neftin nəqlini və xarici bazarlara ixracını təmin edəcək çoxvariantlı boru nəqliyyat infrastrukturunun yaradılması təşkil edirdi. Ümummilli lider Heydər Əliyev bu məsələdə qətiyyət nümayiş etdirərək Azərbaycan neftini Aralıq dənizi vasitəsilə dünya bazarlarına çıxaracaq Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri ideyasını irəli sürdü. 1998-ci il oktyabrın 29-da ulu öndər Heydər Əliyev Ankarada Türkiyə və Gürcüstanın prezidentləri ilə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin inşa edilməsi haqqında ilk Bəyannaməni imzaladı. Aparılan tədqiqatlar və danışıqlar 1999-cu il noyabrın 18-də ATƏT-in İstanbul Zirvə görüşü zamanı ABŞ Prezidentinin iştirakı ilə Azərbaycan, Gürcüstan, Türkiyə prezidentləri tərəfindən xam neftin Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə nəql edilməsinə dair hökumətlərarası sazişin imzalanmasına imkan verdi. Ümummilli lider Heydər Əliyevin gördüyü siyasi, diplomatik tədbirlər və səylər nəticəsində ABŞ Prezidentinin şahidliyi ilə Azərbaycan, Qazaxıstan, Gürcüstan və Türkiyə prezidentləri tərəfindən bu layihənin dəstəklənməsi haqqında və qısa müddət ərzində həyata keçirilməsinə yönəlmiş İstanbul Bəyannaməsinin imzalanmasına nail olundu.

Ulu öndər Heydər Əliyev 1999-cu il dekabrın 29-da “Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin tikintisi və istismara verilməsi tədbirləri haqqında” Sərəncam imzaladı və layihənin həyata keçirilməsi üzrə komissiya təşkil etdi. Komissiyaya danışıqların aparılmasına, müvafiq tədbirlərin icrasına aid səlahiyyətlər verildi. Eyni zamanda, komissiyaya tapşırıldı ki, boru kəmərində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin iştirak payının maliyyələşdirilməsini təşkil etmək üçün müəyyən olunmuş qaydada beynəlxalq səviyyədə tanınmış qurumlardan maliyyə məsləhətçisini seçib təyin etsin. Bu sazişlərin və sərəncamların ümummilli lider Heydər Əliyev tərəfindən imzalanması 2000-ci ilin oktyabr ayında BTC layihəsinin sponsorlar qrupunun yaradılmasına, ilkin mühəndislik və ətraflı mühəndislik işlərinin aparılmasına imkan verdi və BTC layihəsinin texniki, iqtisadi, kommersiya, maliyyə cəhətdən ən əlverişli və səmərəli olduğu təsdiqləndi.

2002-ci il avqustun 1-də Londonda ümummilli lider Heydər Əliyevin xeyir-duası ilə kəmərin tikilməsi və gələcəkdə onu istismar etmək üçün “BTC Co.” şirkəti təsis olundu. BP şirkəti layihənin operatoru seçildi. Onun səhmdarları BP (30,1 faiz), SOCAR (25 faiz), “Chevron” (8,9 faiz), “Statoil” (8,71 faiz), “TPAO” (6,53 faiz), “Eni” (5 faiz), “Total” (5 faiz), “Itochu” (3,4 faiz), “Inpex” (2,5 faiz), “ConocoPhillips” (2,5 faiz) və “Amerada Hess” (2,36 faiz) şirkətləri oldu. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti Bakı-Tbilisi-Ceyhan layihəsində iştirak etmək məqsədilə “AzBTC Co.” törəmə şirkətini təsis etdi və bu qurum layihənin iştirakçıları olan neft şirkətlərinin konsorsiumu tərəfindən yaradılmış “BTC Company” şirkətində 25 faizlik iştirak payı əldə etdi. “AzBTC Co.” şirkəti daxil olmaqla bütün digər iştirakçılar layihənin dəyərinin 30 faizlik hissəsini öz vəsaitləri hesabına, qalan 70 faizlik hissəsini isə beynəlxalq maliyyə institutlarından, ixrac kredit agentliklərindən və kommersiya banklarından cəlb edilmiş kredit vəsaitləri hesabına maliyyələşdirilməsi ilə bağlı qərar qəbul etdilər. Azərbaycan dövləti adından Azərbaycan “BTC Co.” şirkətindəki payının maliyyələşdirilməsi isə Dövlət Neft Fondu tərəfindən həyata keçirildi.

Həmin il sentyabrın 18-də isə Bakıda - Səngəçal terminalının ərazisində Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin təməli qoyuldu və tikintisinə start verildi. Bununla da, ümummilli lider Heydər Əliyevin müəllifi olduğu yeni neft strategiyasının mühüm tərkib hissələrindən olan Bakı-Tbilisi-Ceyhan layihəsinin reallığa çevrilməsinə başlanıldı.

2003-cü ilin fevral ayında Bakı yaxınlığındakı Səngəçal terminalından başlayaraq kəmərin tikintisinə start verildi. 2004-cü ilin oktyabrında BTC-nin Azərbaycan hissəsi Gürcüstan ərazisindən keçən hissəsi ilə birləşdirildi. BTC-nin Gürcüstan hissəsi 2005-ci ilin oktyabrında istifadəyə verildi. Ulu öndər Heydər Əliyevin qalibiyyətli neft strategiyasının ardıcıl şəkildə həyata keçirilməsi sahəsində misilsiz xidmətlər göstərən Prezident İlham Əliyev dövlət başçısı kimi fəaliyyətə başladığı ilk günlərdən etibarən layihənin gedişi ilə bağlı şəxsən maraqlanır, vaxtaşırı olaraq tikinti işləri ilə tanış olur. Nəhayət, 2005-ci ilin aprelində tikinti işləri yekunlaşdırıldı. Həmin il mayın 25-də Səngəçal terminalında xam neftin BTC-yə vurulması ilə bağlı rəsmi tədbir keçirildi.

2006-cı il mayın 28-də Azərbaycan nefti Ceyhan limanına çatdı. İyunun 14-də “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan hasil edilən neftin ilk partiyası Ceyhan dəniz terminalında “British Hawthorn” tankerinə yüklənərək dünya bazarına yola salındı. 600 min barrel xam neft yüklənmiş həmin tankerin Ceyhan limanından yola salınması ilə Azərbaycan neftinin Xəzər dənizindən Aralıq dənizi sahilinədək üç ölkəni birləşdirən boru kəməri - Bakı-Tbilisi-Ceyhan ilə dünya bazarına ixracı başlandı. 2006-cı il iyulun 13-də isə Türkiyənin Ceyhan şəhərində XXI əsrin ən böyük enerji layihəsi olan boru kəmərinin təntənəli açılış mərasimi keçirildi.

Qeyd edək ki, uzunluğu 1768 kilometr olan bu boru kəməri Türkiyə, Gürcüstan, həmçinin layihədə iştirak edən bütün ölkələrin də iqtisadiyyatının gücləndirilməsində mühüm rol oynadı. Şübhəsiz, bu layihə sonradan Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin, Bakı-Tbilisi-Qars dəmir yolunun, Cənub Qaz Dəhlizinin və onun əsas seqmenti olan TANAP-ın bir həqiqətə çevrilməsinə vəsilə oldu və ölkəmizin imicini daha da yüksəltdi. Xəzərin sahilindən Avropaya uzanan bu polad boru kəməri region, eləcə də dünya dövlətlərini bir-birinə sıx bağladı. Üstəlik, beynəlxalq aləmdə enerji təhlükəsizliyi sistemi və neft ixracı sahəsində mühüm rol oynayan bu nəhəng layihə dünya miqyasında ölkəmizin mövqeyini xeyli gücləndirdi, dövlətimizi Cənubi Qafqazın liderinə çevirdi.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır