Ümummilli Lider Heydər Əliyevin 102-ci ildönümünə həsr olunan beynəlxalq elmi-texniki konfrans keçirilib
Azərbaycan Dövlət Dəniz Akademiyasında (ADDA) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Su nəqliyyatının problemləri” mövzusunda 20-ci Beynəlxalq elmi-texniki konfransın açılış mərasimi keçirilib.
Konfransda müxtəlif ölkələrin universitetlərində, elmi-tədqiqat institutlarında və istehsalat sahələrində çalışan alim və mütəxəssislər iştirak ediblər. Ümumilikdə 73 məruzə təqdim olunub. Onlardan 39-u ADDA, 29-u digər yerli ali təhsil müəssisələri, 5-i isə xarici ölkələrdən təqdim edilib. Elmi çıxışlar 5 bölmə üzrə dinlənilib. Ən yaxşı məqalələrin “ADDA-nın Elmi Əsərləri” məcmuəsində dərc edilməsi nəzərdə tutulub.
Tədbirdə çıxış edənlər Ümummilli Lider Heydər Əliyevin həm Azərbaycan elminin, həm də dəniz nəqliyyatının inkişafındakı misilsiz xidmətlərini vurğulayıblar. Bildirilib ki, məhz onun uzaqgörən siyasəti nəticəsində Azərbaycan gəmiçiliyi qorunub saxlanılıb və davamlı şəkildə inkişaf etdirilib. Qeyd olunub ki, Ulu Öndərin rəhbərliyi dövründə Xəzərdə yükdaşımalar artıb, yeni tanker və quru yük gəmiləri ölkəyə gətirilib.
Konfrans çərçivəsində Ümummilli Liderin dəniz nəqliyyatı sahəsində həyata keçirdiyi mühüm tarixi qərarlara da xüsusi diqqət yönəldilib. Bildirilib ki, 1995-ci ildə Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Beynəlxalq Dəniz Təşkilatına (IMO) üzv olub, bu isə ölkəmizin beynəlxalq dəniz ailəsinə inteqrasiyasında əsas mərhələlərdən biri sayılır.
Konfrans öz işini bölmələr üzrə davam etdirib və uğurla yekunlaşıb.