

"Gəmi məzarlığı"nda bütün obyektlər aşkar ediləcək
Sakit Okean Donanmasının "Aleksandr Roqotski" hidroloji gəmisi, onlarla gəminin batdığı Maqadan körfəzinin dibini araşdırmağa başlayıb.
"Seanews.az" xəbər verir ki, Rusiyanın Baş naziri Mixail Mişustin Kolımaya səfəri zamanı Maqadandakı balıqçılıq limanını "gəmi məzarlığı" adlandırıb. O, balıqçılıq limanının əmlakının inventarizasiyasını aparmağı və sahildə hər şeyi qaydasına salmağı, habelə gəmiçiliyə mane ola bilən və ekoloji təhlükə yaradan batmış gəmilərlə bağlı problemi həll etməyi tapşırıb. Bu il, regional hökumətin tapşırığı ilə sahildə atılmış gəmilərin təkrar emal üçün doğranmasınabaşlanıb, batan gəmilərin yeri isə hələ dəqiqləşdirilməyib.
"Aleksandr Roqotski" hidroloji gəmisinin ikinci dərəcəli kapitanı Sergey Ovçinnikov deyib ki, "suyun dibi ilə bağlı ətraflı araşdırma aparılır, hətta əhəmiyyətsiz obyektlər də aşkarlanır. Ölçmə xətası 10 santimetrdir. Başqa sözlə, batan bütün obyektlər üzə çıxacaq".
Exolotlar 30 metrə qədər dərinliklərdə işləyirlər. Məqsəd hər batmış obyektin dəqiq koordinatlarını və konfiqurasiyasını müəyyən etməkdir.
Sahil su bölgəsində artıq müxtəlif təyinatlı yeddi obyekt tapılıb.
Alınan bütün məlumatlar işlənəcək və ətraflı bir hesabat tərtib ediləcək. Burada batmış obyektlərin dəqiq yeri, konfiqurasiyası və ölçüsü göstəriləcək.
Qeyd edək ki, daha əvvəl Şimal donanmasının hidroqrafları "Oneqa" traulerinin batdığı yerin koordinatlarını müəyyən etmişdilər.