Tədqiqatçılar gəmilərdə yanğının aşkar edilməsini sürətləndirirlər
Son illərdə iri konteyner gəmilərində baş verən və geniş rezonans doğuran yanğın hadisələri sənayeni daha effektiv yanğından mühafizə üsulları axtarmağa sövq edib.
“Seanews.az” xəbər verir ki, tədqiqatçılar hazırda süni intellekt və qabaqcıl sensor texnologiyalarından istifadə edərək yanğın qoxusunu və ya tüstünü adi sistemlərdən qat-qat tez müəyyən edən həllər üzərində işləyirlər.
Müəyyən edilib ki, məhəccərlərə yerləşdirilmiş istilik sensorları iri konteyner gəmilərində yanğının müəyyən edilməsində mövcud metodlarla müqayisədə altı dəqiqəlik həyati əhəmiyyətli vaxt qazandıra bilər.
Danimarkalı tədqiqatçılar bu sensorların tüstü detektorlarından daha effektiv olub-olmadığını yoxlamaq üçün 2018-ci il istehsalı olan 20,500 TEU tutumlu "Mumbai Maersk" ultra-iri konteyner gəmisində iki fərqli tip istilik sensoru ilə sınaqlar aparıblar.
Nəticə göstərib ki, xüsusilə açıq göyərtələrdə külək tüstünü dağıtdığı üçün ənənəvi detektorlar gecikir, lakin birbaşa konstruksiyaya bərkidilmiş istilik sensorları təhlükəni daha çevik qeydə alır. Bu altı dəqiqəlik fərq dənizdə baş verən böyük fəlakətlərin qarşısını almaq üçün həlledici rol oynaya bilər.

