Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-04,
Seanews
Heyder Eliyev

Gəmiçiliyə də yararlı göl

Balxaş gölü planetimizin suyu həm şirin, həm duzli olan yeganə gölüdür. Cənub-Şərqi Asiyada, Qazaxıstan ərazisində yerləşir. Gölün hövzəsi 413,000 km²dir, uzunluğu 614 km, eni isə 3,5 ilə 44 km arasında dəyişir. Maksimal dərinliyi 26,dənizdən yüksəkliyi 341,4 metrdir.

Balxaş gölü iki hissəyə ayrılır. Qərb hissəsi dayaz və enlidir, sahilləri çox parçalanıb. Suyu şirindir. Şərq hissəsi isə nisbətən dar, sahilləri az girintili-çıxıntılıdır. Burada su bir qədər şorandır. 

Balxaş gölünün şimal sahilləri hündür və sıldırımlı, cənub sahilləri isə alçaq və hamardır. Gölə İli, Qaratal, Aksu, Lepsa və s. çaylar tökülür. 

Səhra iqlimi var. Orta temperatur iyulda təqribən 24°S, yanvarda isə -8°S-dir. Noyabrdan aprelin ortalarınadək donmuş olur. Suyun temperaturu dekabrda 0°S, iyulda 28°S olur. İllik yağıntının miqdarı təqribən 180 mm-dir.

Balxaş gölünün flora və faunası müxtəlifdir. Göldə təxminən 20 növ balıq yaşayır. Təəccüblü deyil ki, qədim qazaxlar gölün adını "Balık as" (balıq-yemək) adlandırıblar. Əsasən suf, marinka və xanı balığı ilə məşhurdur. Çəki balığı, Aral nərəsi və s. yetişdirilir.

Gölün ətrafında təxminən 120 növ su quşu qeydə alınıb, onlardan 12-si “Qırmızı kitab”a düşüb.

Quruda və suda böyüyən 60-a qədər bitki növü var. Balxaş bölgəsi çox sayda nadir və bənzərsiz bitki və heyvan növü ilə fərqlənir.

Balxaş gölü gəmiçiliyə də yararlıdır. Burılbaytal və Burli-Tobe mühüm əhəmiyyət kəsb edən limanlarıdır. Balxaş şəhərindəki mədən-metallurgiya kombinatında gölün suyundan istifadə edilir.

Geoloqlar və geomorfoloqlar gölün 35.000 ildən çox mövcud olduğunu müəyyənləşdiriblər. Balxaş gölü uzun illər Çinin hakimiyyəti altında olub, bu ölkənin cənub-şərqdəki ən uc sərhədini təşkil edib. Lakin 1864-cü ildə çinlilərin Haqsız Andlaşma hesab etdikləri razılaşma ilə Balxaş gölü Rusiyaya buraxılıb. SSRİ-nin dağılması ilə göl rəsmi olaraq Qazaxıstan sərhədləri içində qalıb.

Rus coğrafiyaşünası Lev Semyonoviç Berq  Balxaş gölünün tədqiqinə böyük töhfə verib.

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır