• Bakı, 2020-04-08,
Seanews
Heyder Eliyev

Betondan inşa edilmiş gəmilər niyə batmırdılar?

19-20-ci əsrlərdə gəmilərin betondan hazırlandığı çox az adama məlumdur. Bu gəmilərin konstruksiyası müasir gəmilər kimi bütün fizika qanunlarına və Arximedin məşhur nəzəriyyəsinə tam uyğun idilər. Kifayət qədər ağır çəkili olsalar da, göyərtələrinə çoxlu sayda sərnişin və yüz tonlarla yük götürə bilirdilər.

İlk dəmir-beton konstruksiyalı qayığı 1849-cu ildə fransız mühəndisi və ixtiraçısı Lambo yaradıb. 1855-ci il beynəlxalq dəniz sərgisində sensasiyaya səbəb olan bu ixtira daha iri beton gəmilərin inşasına təkan verib. Lakin bu proses uzun sürməyib və bir neçə ildən sonra ona olan maraq azalıb.

Birinci Dünya Müharibəsi zamanı yüksək keyfiyyətli polad az olduğundan Avropada dəmir-beton gəmilərin inşasına ehtiyac yaranır. İtaliya, Almaniya, Norveç, Fransa, Danimarka və İsveçdə minə yaxın bu tip gəmi inşa edilir. ABŞ-da və Çində də belə gəmilərdən istfadə olunurdu.

Dəmir-beton gəmilərin inşası İkinci Dünya Müharibəsində yenidən “dəbə” minir. 1946-1948-ci illərdə "daş" gəmilərin əksəriyyəti SSRİ və müharibədən sonrakı Almaniyada inşa edilib. Müharibə illərində ABŞ-da təxminən otuza yaxın belə gəmilər yaradılır, lakin sonradan onlar yenə də unudulur. Gəmilər 21-ci əsrin əvvəllərinə qədər istifadə olunurdu. Bəziləri bu gün də üzən neft anbarları və qazma platformalarının tikintisində istismar edilir.

1975-ci ildə maye qazı saxlamaq üçün daşıma qabiliyyəti 60 min ton olan dəmir-beton tanker yaradıldı. Bu gəmi hələ də Yava dənizində fəaliyyət göstərir.

Müasir dövrdə belə qeyri-standart materialdan yaxtalar hazırlayanlar da var. Bu gəmilərin bir neçəsi Kiyev yaxt-klubundadır.

Ən məşhur beton gəmi “Atlantus” hesab olunur. Gəminin uzunluğu 77 m, çəkisi 2,5 min ton idi. “Atlantus” gəmisi “Liberty” Gəmiqayırma Şirkəti tərəfindən inşa edilib və 1918-ci ildə istifadəyə verilib. Gəmi Birinci Dünya Müharibəsinə hazırlıq zamanı inşa edilən dünyanın ikinci ən böyük beton gəmisi idi. Onun inşası müharibənin bitməsindən bir ay əvvəl başa çatdı, lakin Atlantus amerikalı əsgərlərin Avropadan evlərinə daşınmasında, eləcə də Yeni İngiltərəyə kömür daşınmasında istifadə edildi. 1920-ci ildə gəmi silinir və Virciniya limanında tərk edilir.

1926-cı ildə polkovnik Cessi Rozenfeld “Atlantus”-u əldə edir. Təhlükə yarandığı anda tez bir vaxtda mobilizasiya etmək niyyəti ilə beton gəmilər üçün tərsanə qurmaq istəyir. Yenidən bərpa olunmuş “Atlantus”-u 1926-cı ilin martında ABŞ-dakı “Cape May” yüksəkliyinə yedəyə aldılar. Lakin 8 iyun tarixində baş vermiş fırtına nəticəsində gəmi “Sunset Beach” sahillərindən cəmi 150 metr aralıqda qəzaya uğrayır. Gəmini təmir üçün qaldırmaq cəhdləri uğursuzluqla nəticələnir. O vaxtdan bəri “Atlantus” turistik məkana çevrilir. 50-ci illərin sonlarında gəmi iki hissəyə bölünür. Hazırda “Atlantus” çimərlik xəttindən 150 metr məsafədə qalmaqda davam edir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır