• Bakı, 2020-01-18,
Seanews
Heyder Eliyev

Dünyanın ən dar su kanalı: Korinf

Yunanıstanın Korinf kanalı - Egey dənizini İon dənizi ilə birləşdirən dünyanın ən dar su kanalı hesab olunur. Əlbəttə ki, Korinf kanalı həmçinin dünyanın ən gözəl nəqliyyat kanallarından biridir. Kanalın uzunluğu 6 kilometr, eni isə cəmi 21 metrdir. Kanalın çox hissəsi əhəng daşı massivindən keçir və divarlarının hündürlüyü 76 metrə çatır.

Kanal Saronik körfəzini Korinf körfəzi ilə birləşdirir, Peloponnes yarımadasını isə Balkan yarımadasından ayırır. Kanalın çəkilişi ilə Peloponnes yarımadası artıq adaya çevrildi.

Bəzən olur ki, kanaldan böyük laynerlər keçə bilmir. Bu təqdirdə böyük laynerləri katerlər, ya da daha kiçik gəmilər müşayiət edir. Buna baxmayaraq, kanaldan hər il 15 mindən çox gəmi keçir!

Kanalın üstündən bir neçə avtomobil və dəmir yolu körpüsü salınıb. Ekstremal idman həvəskarları da tez-tez orada yarışlar və müxtəlif tədbirlər təşkil edirlər.

Kanalın inşası eramızdan əvvəl VII əsrdə başlayıb, ancaq 19-cu əsrin sonlarında tamamlanıb. Antik dövrün görkəmli hökmdarları bu kanalın qurulmasını xəyal edirdilər.

Kanal qədim yunan hökmdarı Periandr tərəfindən eramızdan əvvəl VII əsrdə tikilməyə başlandı. Lakin Egey və İon dənizlərinin su səviyyəsindəki fərq səbəbindən daşqının baş verə biləcəyindən qorxaraq, möhtəşəm kanalın inşası dayandırıldı. Bunun əvəzinə hələ də izi görünən daş boyun (bir-birinə yaxın iki çay arasında zolaq) - Diolk qoyuldu. Tarixdə kanalın tamamlanmasını planlaşdıran Yuli Sezar və Kaliqula kimi tarixi şəxsiyyətlərin də adları keçir. 

Həmçininin imperatorlar Nero və Qalba, eləcə də Bizans və Venesiyalılar də kanalın tamamlanmasına cəhd görstəriblər. Ancaq uzunluğu cəmi 6 kilometr olan "inadkar" kanalın tikintisi ilə əlaqədar işlər həmişə bir sıra maneələrlə üzləşirdi.

Planı yalnız 19-cu əsrin sonlarında həyata keçirmək mümkün oldu. Korinf kanalının möhtəşəm açılışı 1893-cü ilin avqustunda, 12 illik tikintidən sonra baş tutdu.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır