Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2023-02-07,
Seanews
Heyder Eliyev

Uzel və ya düyün nədir?

Uzel və ya düyün bildiyimiz sürət km/saat deyil, mil/saat kimi ölçü vahididir. Ölçü vahidlərinin Beynəlxalq Sisteminə (System international) daxil olmasa da, təcrübədə onu BS-nin digər ölçü vahidləri ilə birgə istifadə edirlər.

Uzel suda bərabər sürətlə hərəkət edən cismin 1 saata 1 dəniz milini qət etdiyi sürətdir. Yəni, 10 uzel ilə (1mil=1852 m) hərəkət edən gəmi saatda təxminən 19 kilometr yol qət edir.

Uzel sərbəst ölçü vahidi olduğundan onun “saatda” və ya “saniyədə” kimi əlavəsi olmur. Yəni, “uzel/saat” və ya “uzel/saniyə” kimi ifadəyə rast gələ bilmərik.

Uzeldən dənizçiliklə yanaşı, aviasiyada, eləcə də metereologiyada istifadə edilir. Amma ən geniş yayılma sahəsi gəmiçilikdir.

Bu ölçü vahidinin geniş yayılması onun naviqasiya hesabatlarında əlverişli olması ilə əlaqədardır. Dənizçilikdə 1 dərəcə coğrafi bucaq 60 dəqiqədir və hər dəqiqə 1 mildir. Gəmi 1 saat ərzində meridian ətrafında 1 uzel sürətlə hərəkət edərkən coğrafi enliyin 1 bucaq dəqiqəsi ( yəni 1 mil) qədər yol qət edir.

Uzelin yaranma tarixi

İlk dəfə gəminin sürətini ölçmək üçün dənizçilər taxta parçası (laq) və kəndirdən istifadə ediblər. Kəndir eyni ara məsafəsi ilə düyünlənirdi. Onun uc hissəsi isə həmin taxta parçasına bağlanırdı.

Sonra həmin taxta parçasını suya atırdılar. Burada onun su üzərində hərəkətsiz dayanması vacib idi. Gəmi eyni sürətdə hərəkətə başlayırdı və suya atılmış taxta parçasından uzaqlaşırdı. Bu zaman kəndiri saxlayan matros əlindən keçən düyünləri sayırdı. Digər matros isə 15 saniyəlik (30 saniyə də ola bilərdi) qum saatını izləyirdi. Vaxt bitdikdən sonra hesab dayanırdı. Həmin zaman ərzində matrosun əlindən neçə düyün keçirdisə, gəminin sürəti də o qədər uzel hesab edilirdi.

Bu üsulla ölçülən  sürət  suya  nisbətən  ölçüldüyü  üçün nisbi sürət adlanır. Hazırda  gəmilərdə olan texniki vasitələr  sürəti  həm  suya, həm də dəniz dibinə nisbətən (həqiqi sürət) ölçə bilir.

 

Musa Əliyev                                    ASCO-nun İstimaiyyətlə əlaqələr üzrə mütəxəssisi

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır