Donanmalar üzrə kibertəhlükəsizlik nəzarətini gücləndirən yeni platforma
Gəmi sahibləri və operatorlar üçün kibertəhlükəsizlik artıq idarə heyətləri səviyyəsində əsas məsələ kimi dəyərləndirilir. Bu ehtiyac fonunda “GTMaritime” şirkəti donanmalar üzrə gəmidaxili İT sistemlərinə nəzarəti gücləndirmək məqsədilə “GT Identify” adlı yeni rəqəmsal platformanı istifadəyə verib.
“Seanews.az” xəbər verir ki, yeni platforma gəmilərdə mövcud olan avadanlıq, proqram təminatı və kibertəhlükəsizlik riskləri barədə donanma səviyyəsində sistemli və aydın məlumat təqdim etməyi hədəfləyir. Sistem hər bir gəmi üzrə əlaqəli İT komponentlərinin inventarlaşdırılmasını aparır, köhnəlmiş və ya risk daşıyan elementləri əvvəlcədən müəyyən etməyə imkan yaradır.
“GTMaritime” şirkətinin əməliyyatlar üzrə direktoru Ceymi Cons bildirib ki, gəmi operatorları uzun müddətdir gəmidaxili İT sistemləri üzərində tam nəzarətin təmin edilməsində çətinliklərlə üzləşirlər və “GT Identify” bu boşluğu aradan qaldırmaq üçün hazırlanıb.
Rəqəmsal həll Beynəlxalq Dəniz Təşkilatının (IMO) kiberrisklərin idarə olunması üzrə tövsiyələri, eləcə də NIST çərçivəsi və IACS E26 tələblərinə uyğunluğun təmin edilməsinə dəstək verir. Bu isə audit və uyğunluq proseslərini asanlaşdırır.
Sistem 2025-ci ilin sentyabrından etibarən sınaq rejimində real əməliyyat şəraitində istifadə olunub və ilkin istifadəçilər kibertəhlükəsizlik sahəsində qısa müddətdə müsbət nəticələr əldə edildiyini bildiriblər.
“GT Identify” platforması “GT Hub” ekosisteminin ilk moduludur və 2026-cı il ərzində əlavə funksional modulların təqdim olunması nəzərdə tutulur.

