

Norveç ammonyakla işləyən quru yük gəmiləri inşa edəcək
Norveçin “Amon Maritime” şirkəti dövlət dəstəyi ilə ammonyakla işləyən quru yük gəmilərinin tikintisi məqsədilə yeni törəmə şirkət yaradıb.
"Seanews.az" xəbər verir ki, “Amon Bulk” adlanan şirkət “Enova” enerji keçidi agentliyinin ayırdığı 253 milyon Norveç kronu (təxminən 25 milyon ABŞ dolları) məbləğində vəsait hesabına “Capesize” və “Kamsarmax” tipli iki müxtəlif gəmi modeli hazırlayacaq.
“Amon Maritime” şirkətinin baş direktoru Andre Risholm bildirib ki, “Capesize” və “Kamsarmax” seqmentləri ammonyak yanacağının tətbiqi üçün olduqca əlverişlidir. Bu tip gəmilər yüksək yanacaq sərfiyyatına malikdir. Onun sözlərinə görə, bu xüsusiyyətlər həm ətraf mühitə təsirin azaldılması, həm də layihənin kommersiya baxımından səmərəliliyi üçün əlverişli imkan yaradır.
İnşa olunacaq yeni gəmilər – “Amon Bulk 1” və “Amon Bulk 2” 2029-cu ilə qədər suya salınacaq və bunlar dünyada ammonyakla işləyəcək ilk iri həcmli quru yük gəmilərindən olacaq.
Qeyd edək ki, “Amon Maritime” ammonyakla çalışan gəmi inşası və bunkerləmə sahəsində geniş layihə portfelinə malikdir. Yeni təşəbbüs “Enova” tərəfindən ammonyak və hidrogenlə işləyən gəmiçilik layihələrinə ayrılan 763 milyon kronluq son maliyyələşdirmə proqramının bir hissəsidir. Bu proqram çərçivəsində həmçinin “LH2 Shipping” və “Møre Sjø” şirkətlərinin hidrogenlə işləyəcək gəmilərinin inşasına da dəstək ayrılıb.
“Enova”-nın baş direktoru Nils Kristian Nakstad bildirib ki, texnologiya hələ yenidir və sənayenin bu sahədə təcrübə qazanması üçün dövlət dəstəyi vacibdir. O əlavə edib: “Əgər biz dəniz nəqliyyatında tullantıların azaldılmasına nail olmaq istəyiriksə, 2050-yə qədər geniş miqyasda tətbiq oluna biləcək həllərə üstünlük verməliyik.”