Gəmilərin Uzaq Məsafədən Tanınma və İzlənmə sistemi (UMTİ/LRİT)
Bu sistemdən dünyanın harasında olursa-olsun, gəmilərin tanınması, izlənməsi və onlar barədə məlumat alınması üçün istifadə edilir.
LRİT sistemi (SOLAS Beynəlxalq Konvensiyası, Fəsil V, Qayda 19-1) 2008-ci ildən qüvvəyə minmişdir. Bu qaydanın tələbləri həmin ilin 31 dekabrından sonra tikilən və beynəlxalq səfərlər edən sərnişin gəmilərinə, 300 BRT olan, yüksək sürətli gəmilər daxil olmaqla yük gəmilərinə, eləcə də Üzən Səyyar Qazma Qurğularına şamil edilir.
UMTİ/LRİT sistemi Dəniz təhlükəsizliyi komitəsinin (MSC) qəbul etdiyi Qətnamənin tövsiyəsinə əsasən yaradılır. Sistemin yaradılmasında məqsəd həmçinin SOLAS konvensiyasına tərəfdar olan və ratifikasiya edən ölkələr arasında gəmilərin dəniz təhlükəsizliyi ilə əlaqədar informasiya mübadiləsinin aparılmasıdır.
Bu sistem Beynəlxalq arenada qəbul edilmiş və “Okeanların konstitusiyası” adlandırılan BMT-nin Dəniz Hüququ Konvensiyası (United Nations Convention on the Law of the Sea) ilə ziddiyyət təşkil etmir və eyni zamanda tətbiq olunduğu ölkələrin fərdi dəniz istismar qaydalarının da əksinə gedə bilməz.
Sistemin əsas üstünlüyü ondan ibarətdir ki, mübadilə olunan məlumatlar ancaq buna ehtiyacı olan tərəflərə ikitərəfli müqavilə əsasında əlçatan olur. Digərləri üçün bu informasiyanın gizli olması həm yarana biləcək problemlərin qarşısını almaqla yanaşı, sistemin şəffaflığını və uzunömürlülüyünü artırır.
UMTİ/LRİT sistemi SOLAS Beynəlxalq Konvensiyanın tələblərinə uyğun olaraq ASCO-nun xarici səfərlər edən bütün gəmilərinə tətbiq edilir.