Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-05,
Seanews
Heyder Eliyev

Dəniz” qəzetinin Gəmiçiliyin 160 illiyinə həsr olunmuş xüsusi buraxılışı çapdan çı

“Dəniz” qəzetinin Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyinə həsr olunmuş xüsusi buraxılışı çapdan çıxıb. Qəzetin PDF variantını təqdim edirik: DƏNİZ- 17 oktyabr 2018-ci il Maraqlı yazıları və yüksək poliqrafik tərtibatı ilə seçilən 32 səhifəlik xüsusi buraxılış Ümummilli lider Heydər Əliyevin və dövlət başçımız İlham Əliyevin  həm də dənizçilərin  bugünkü uğurlarına inam və əminliyi ifadə edən deyimləri ilə açılır. “Yolunuz açıq olsun, səfərləriniz uğurlu!” adlı təbrikdə dənizçi peşəsinin  şərəfli olduğu qədər də çətin və məsuliyyətli olduğunu vurğulayan  “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev yalnız bu  peşəyə ürəkdən bağlanan cəsur və fədakar adamların dənizin bitməyən sınaqlarından üzüağ çıxmağı bacardığını diqqətə çatdırır. Xalqımızın dalğalar qoynunu fəaliyyət meydanı seçən dənizçilərə böyük hörmət və ehtiramı da xeyli dərəcədə onların bu fədakarlığından qaynaqlanır. Gəmiçiliyin çoxminli kollektivi yubileyi bütün sahələrdə qazandığı yüksək göstəricilərlə qarşılayır. Dövlətimizin dəstəyi ilə donanmanın gəmiqayırmanın son nailiyyətləri əsasında inşa olunan yeni gəmilərlə möhkəmləndirilməsi də,  Xəzərdə Gəmiçiliyin öncül mövqeyinin qorunub saxlanılması da, müstəqil respublikamızın üçrəngli bayrağı altında yad sularda üzən gəmilərimizin sayının artırılması hesabına donanmamızın Xəzərdənkənar fəaliyyətinin genişləndirilməsi də…  dənizçilərin yubiley sevincinə sevinc qatan faktlardır. Buraxılışda şanlı tarixə və ənənələrə malik Azərbaycan gəmiçiliyinin  160 ildə keçdiyi şərəfli yola ətraflı işıq salınır. “Qafqaz və Merkuri”dən başlanan yol” yazısından məlum olur ki,  1858-ci ildə yaradılan və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin sələfi sayılan  “Qafqaz və Merkuri” Səhmdar Cəmiyyəti Xəzərdə çox ilklərə imza atıb. Dünyada ilk neftdaşıyan “Aleksandr” barjı 1873-cü ildə Xəzərdə istismar edilib. 1878-ci ildə inşa edilən ilk tanker  “Zərdüşt” də   Gəmiçiliyin sələfinə məxsus olub. İlk daxiliyanma mühərrikli “Vandal”  (1903), ilk reversivli iki mühərriklə çalışan “Delo” (1908) gəmilərində üzmək də Xəzər dənizçilərinin bəxtinə düşüb. Gəmiçiliyimizin o vaxtdan başlayan şərəfli yolu 160 ildir davam edir. 160 ildir dənizçilərimiz dalğalar qoynunda pozulmaz naxışlar salır, fədakar əməkləri ilə hünər dastanı yazırlar. Gəmiçiliyin Azərbaycan Xalq Cümhuriyyəti dövründəki fəaliyyəti ilə maraqlananlar yəqin ki, “Donanma 1918-1920-ci illərdə” yazısını diqqətdən qaçırmazlar. “Əgər Bakı nefti olmasaydı” yazısında  Azərbaycan neftinin alman faşizmi üzərində Qələbənin təmin olunmasında əvəzsiz rolundan, qəhrəman neftçilərimizin hasil etdikləri “qara qızıl”ın dənizçilərimizin düşmən təyyarələrinin bombardmanları altında belə fasiləsiz daşıdıqlarından bəhs edilir. Azərbaycan Xəzər Dəniz  Gəmiçiliyinin 1534 işçisinin orden və medallarla təltif olunması faktı da dənizçilərimizin Böyük Vətən müharibəsi illərindəki fədakarlığı barədə çox şey deyir. Dənizçilərimizin xalqımızın milli azadlıq hərəkatında, qanlı 20 Yanvar hadisələrində, Qarabağ savaşında  göstərdikləri şücaət də unudulan deyil. Kollektivin Böyük Vətən müharibəsindən sonrakı fəaliyyətinə işıq salan   “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi 1946-1970-ci illərdə” yazısında da oxucular onları maraqlandıran bir çox suallara cavab tapa bilərlər. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyevin “Ulu öndər Heydər Əliyevin Gəmiçiliyin qorunub saxlanılmasında və inkişafında misilsiz xidmətləri” yazısını tədqiqatçılar üçün dəyərli mənbə də saymaq olar. Yazıda belə bir əminlik ifadə olunur ki, dənizçilər bugün Azərbaycan Xəzər Dəniz Gəmiçiliyini, xüsusən onun əsasını təşkil edən nəqliyyat və neft donanmalarını Ulu öndərin yadigarı hesab etməkdə haqlıdırlar. Ümummilli liderin iqtisadi siyasətində gəmiçilik həmişə xüsusi yer tutub. Təsadüfi deyil ki,  Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin tarixində Heydər Əliyevin  ölkəmizə rəhbərlik etdiyi və SSRİ-nin ali rəhbərliyində çalışdığı illər donanmaların zənginləşməsi və sürətli inkişafı dövrü hesab edilir. Məhz,  həmin dövrlərdə Gəmiçilik üçün dünyanın ayrı-ayrı ölkələrində inşa olunmuş 450-yə yaxın müxtəlif təyinatlı gəmi alınıb. Qədirbilən dənizçilər də Ulu öndərin Gəmiçiliyin inkişafında, Azərbaycanın çox böyük sərvəti hesab etdiyi donanmasının qorunub saxlanılmasında əvəzsiz xidmətlərini heç vaxt unutmurlar. Və iftixarla deyirlər ki, təkcə ölkəmizin dəniz nəqliyyatı üçün gördüyü işlər dahi Heydər Əliyevin  tarixdə əbədi qalması üçün yetərlidir.  Dənizçilər Ulu öndərin siyasi kursunu böyük məharətlə davam etdirən möhtərəm Prezidentimiz  İlham Əliyevdən də daim diqqət və qayğı görür və bu qayğıya əməli işləri ilə cavab verməyə çalışırlar. Məhz dövlət başçımızın dəstəyi ilə Gəmiçilik  hər cür yükləri daşımağa və neft-qaz istehsalı ilə bağlı bütün dəniz nəqliyyatı xidmətləri göstərməyə qadir unikal şirkətə çevrilib.  2013-cü ilin 22 oktyabrında imzaladığı Sərəncamla dəniz gəmiçiliyi sahəsində yerli və beynəlxalq daşımaların artırılması, ölkənin rəqabət qabiliyyətinin və tranzit potensialının gücləndirilməsi məqsədilə respublikada mövcud olan iki böyük donanma – Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xəzər Dəniz Neft Donanması birləşdirilərək yenidən təşkil edilməklə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti yaradılıb. Azərbaycanın  dəniz nəqliyyatının yüksək inkişafı,  Gəmiçiliyin dünyanın ən qabaqcıl, beynəlxalq standartlara tam cavab verən şirkətə çevrilməsi üçün hər cür dəstək göstərilir. Təkcə son beş ildə donanması 20-dən çox yeni gəmi ilə möhkəmləndirilən Gəmiçilik üçün hazırda Bakı Gəmiqayırma Zavodunda daha dörd gəmi tikilir. Yeni gəmilərin istismara verilməsi dənizçilər üçün əlamətdar hadisələrdəndir.  Belə tədbirlərdə dövlət başçımızın iştirakı isə  onları daha unudulmaz, daha yaddaqalan edir. “Dənizçilərimiz üçün min aya dəyən günlər” rubrikası altında təqdim olunan yazılar möhtərəm prezidentimizin yeni gəmilərin istismara verilməsi mərasimlərində iştirakının Gəmiçiliyin çoxminli kollektivi üçün böyük bayrama çevrildiyindən bəhs edir. 2017-ci il sentyabrın 6-da Bakı Gəmiqayırma Zavodunda “Şahdəniz-2” layihəsi çərçivəsində inşa edilən “Xankəndi” sualtı tikinti gəmisinin təqdimat mərasimində çıxışı zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dilində səslənən “Xəzər Dəniz Gəmiçiliyinin fəaliyyətini çox yüksək qiymətləndirirəm. Gəmiçiliyin fəaliyyəti beynəlxalq standartlara cavab verir. Gəmiçilik artıq gəlirlə işləyir, büdcəmizə böyük vergi ödəyir” sözləri isə dənizçilərə hədsiz sevinc bəxş etməklə yanaşı, həm də cavabdeh olduqları işlər üçün məsuliyyət hissini qat-qat artırır. İctimaiyyətlə əlaqələr departamentinin mütəxəssisi Sevda Abdullayevanın “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin yaradılması ilə yeni zəfərlərə doğru” məqaləsində Gəmiçiliyin qabaqcıl, rəqabətədavamlı şirkətə çevrilməsi sahəsində son beş ildə əldə olunan nailiyyətlərdən söhbət açılır. Müəllif bildirir ki, dor ağacında müstəqil Azərbaycanın üçrəngli bayrağı dalğalanan gəmilərlə təkcə yaxın-uzaq sularda dinc yüklər daşınmır. Dənizçilərimizin  neft-qaz istehsalı üçün zəruri dəniz nəqliyyatı xidmətləri sahəsində də böyük səriştələri var. Xəzər Dəniz Neft Donanmasının dənizçiləri Xəzər şelfində, dənizin Azərbaycan sektorunda qiymətli enerji daşıyıcıları hasil edilən ilk gündən  neftçilərlə  çiyin-çiyinə çalışırlar. Xəzərdə bünövrəsi Ulu öndər Heydər Əliyevin neft strategiyası ilə qoyulan, “Əsrin müqaviləsi” ilə pərvəriş tapan və  dövlət başçımız cənab İlham Əliyevin parlaq zəkası ilə naxışlanan bütün nəhəng layihələrin gerçəkləşdirilməsində dənizçilər çiyinlərinə düşən vəzifələrin öhdəsindən məharətlə gəlirlər.  Bunlarla yanaşı, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi həm də, yüksək keyfiyyətli gəmi təmiri, logistika, agentlik, təhsil və təlim xidmətləri… həyata keçirir.    Oxucular bu sayda Gəmiçiliyin və onun struktur bölmələrinin fəaliyyətini əks etdirən yazılarla da tanış ola bilərlər. “Zavodlarımızda bütün mürəkkəb təmir əməliyyatlarının öhdəsindən məharətlə gəlirlər” məqaləsi Gəmiçiliyin gəmi təmiri müəssisələrinin fəaliyyətindən, “Bərə komplekslərinin layihələndirilməsinin ən çox etibar edildiyi “Xəzərdənizlayihə ETİ”  yazısı Xəzər Dəniz Layihə Elmi-Tədqiqat İnstitutunun kollektivinin uğurlarından, “Dənizdən güclü olmağı öyrədən təhsil ocağı” məqaləsi Azərbaycan Dövlət Dəniz Akademiyasında gələcəyin dənizçilərinin yüksəkixtisaslı mütəxəssislər kimi yetişmələri üçün yaradılan şəraitdən bəhs edir. 160 illiyini qeyd edən Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin tarixin bütün sınaqlarından uğurla çıxmasının,  müxtəlif dövrlərin sarsıntılarına sinə gərməsinin sirrini ilk növbədə taleyini Gəmiçiliksiz təsəvvür etməyən dənizçilərin fədakarlığı və sədaqətində axtarmaq lazımdır. “Unutsaq, unudularıq” rubrikası altında oxucuların diqqətinə təqdim edilən  yazılarda belə şəxslər barədə dolğun məlumat verilir. Xüsusi buraxılışda digər yazılarla yanaşı, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin direktoru  Qüdrət Qurbanov, SOCAR-ın prezidenti Rövnəq Abdullayev, BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə üzrə regional prezidenti Qəri Counz, Amerika Gəmiçilik Bürosunun  Türkiyə,   Azərbaycan və  Xəzər dənizi regionu üzrə direktoru Seyfəttin Tatlı,   “Rusiya Dəniz Registri Azərbaycanda”  ASC-nin sədri  Şaban Quliyev, Xəzər Dəniz Mühəndisliyi Bürosunun Baş direktoru, texnika elmlər doktoru, professor Gennadi  Yeqorov, “Bakı Gəmiqayırma Zavodu” MMC-nin Baş Meneceri  İmanverdi Həsənov,   “Caspian Marine Services Limited” şirkətinin direktoru Zamiq İsmayılov, “DNVGL AS” şirkətinin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Rəsul Hüseynov,  akademik, Milli Məclisin İqtisadi siyasət,sənaye və sahibkarlıq komitəsinin sədri, Azərbaycan İqtisadçılar İttifaqının sədri, Beynəlxalq İqtisadçılar İttifaqının vitse-prezidenti Ziyad Səmədzadə, Milli Məclisin deputatları Aydın Mirzəzadə və Qənirə Paşayeva, Xalq artisti, Əməkdar incəsənət xadimi Faiq Sücəddinov, «İki sahil» qəzetinin Baş redaktoru, Əməkdar jurnalist Vüqar Rəhimzadənin Gəmiçiliyin 160 illik yubileyi münasibətilə dənizçilərə  təbrikləri də yer alıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır