

Terminalın gücü ildə 10-15 milyon TEU təşkil edəcək
Vyetnam Dəniz Korporasiyası (“VIMC”) və “MSC” şirkəti Hoşimi şəhərində beynəlxalq konteyner terminalı tikmək üçün Vyetnam hökumətinə təkliflə müraciət edib.
“Seanews.az”-ın məlumatına görə, layihənin dəyəri 6 milyard dollar qiymətləndirilir. Terminalın gücü ildə 10-15 milyon TEU təşkil edəcək.
“Container News” yazır: “MSC” getdikcə bahalaşan yükün bir hissəsini gələcəkdə Sinqapur limanından Hoşimidəki terminala yönləndirmək niyyətindədir”.
Layihənin yeddi mərhələdə həyata keçirilməsi planlaşdırılır. “MSC” və “VIMC” tikintiyə 2024-cü ildə başlamaq və birinci mərhələni 2027-ci ildə başa çatdırmaq niyyətindədirlər. Sonuncu - yeddinci mərhələ 2040-cı ildə həyata keçiriləcək.
Güman edilir ki, gələcək konteyner terminalı Vyetnamın iqtisadi inkişafında irəliləyiş əldə etməyə kömək edəcək.