• Bakı, 2019-11-22,
Seanews
Heyder Eliyev

Şimali Koreyaya məxsus gəmidəki 16 nəfəri öldürən balıqçılar öz ölkələrinə təhvil verilib

Şimali Koreyaya məxsus balıqçı gəmisində 16 nəfəri öldürərək Cənubi Koreyaya qaçan balıqçılar həbs olunaraq öz ölkələrinə qaytarılıb. Cənubi Koreyanın sahil-mühafizə xidmətinin əməkdaşları onların təhvil verilməsi əməliyyatını qısa müddətdə həyata keçiriblər.

Qeyd olunur ki, adətən Cənubi Koreya şimal qonşusundan qaçaraq sığınacaq istəyənlərin müraciətini müsbət həll edir. Lakin bu halda balıqçılar ağır cinayət törətdikləri üçün onları təxirə salmadan geri qaytarıblar. Bildirilir ki, cinayətkarlar oktyabrın sonunda gəmi kapitanı başda olmaqla göyərtədəki 16 nəfəri bir-bir gülləyib və onların cəsədlərini dənizə atıblar. İyirmi yaşlarında olan iki qatil Şimali Koreya ilə sərhəddə yerləşən Panmunjon polis məntəqəsində qarşı tərəfə təhvil verilib. Seul bu addımı qonşusu ilə cinayətkarların ekstradisiyasına dair saziş olmamasına rəğmən atıb.

Cənubi Koreya rəsmiləri bildiriblər ki, son illər Koreya yarımadasının şimalından cənuba qaçanların sayı artır. Təkcə 2017-ci ildə 1127 nəfər Seuldan sığınacaq istəyib. Onların bir çoxu Çin ərazisindən Cənubi Koreyaya qaçır, yaxud Pekindən sığınacaq istəyir. Çünki iki ölkə arasında möhkəm qorunan sərhəd zonasını keçmək ağlasığmaz dərəcədə çətindir.

Azərtac


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır