Gəmiçilik şirkətləri üçün xəbərdarlıq: Məlumat çoxdur, keyfiyyət isə aşağıdır!
“Lloyd’s Register” (LR) və “OneOcean” tərəfindən aparılan yeni araşdırma, dənizçilik sektorunda rəqəmsallaşmanın qarşısında duran ən böyük maneəni açıqlayıb: keyfiyyətsiz məlumatlar. Hesabatda xəbərdarlıq edilir ki, gəmiçilik şirkətləri strateji qərarlar vermək üçün yetərli və etibarlı dataya sahib deyillər.
“Seanews.az” xəbər verir ki, tədqiqata görə sektorun rəqəmsal yetkinliyi hələ də aşağı səviyyədədir. Belə ki məlumatların standartlaşdırılması 4 bal üzrə cəmi 2,45, ümumi rəqəmsal yetkinlik isə 2,1 bal təşkil edir. Əsas problem məlumatın azlığı deyil, onun dağınıq olması və əllə daxil edilən xətalı məlumatların çoxluğudur. Bildirilir ki, gəmi ilə sahil arasında ötürülən məlumatlar çox vaxt emal üçün yararsızdır, bu da emissiya hesabatlarında ciddi səhvlərə yol açır.
Avropa İttifaqının yeni ekoloji qaydaları (EU ETS və FuelEU Maritime) artıq gəmiçilikdən dəqiq və şəffaf hesabatlılıq tələb edir. LR rəsmisi Pranav Kumar qeyd edib ki, məlumatlarını düzgün idarə edən şirkətlər həm qanuni tələblərə, həm də kommersiya təzyiqlərinə daha davamlı olacaqlar. Yəni məlumatlara sadəcə "texniki tapşırıq" kimi deyil, strateji aktiv kimi baxan şirkətlər gələcək rəqabətdə qalib gələcəklər.

