Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-09-09,
Seanews
Heyder Eliyev

Monreal limanı və "DP World" yeni konteyner terminalı ilə bağlı saziş imzalayıb

Kanadanın Monreal limanı və "DP World Canada" Sent-Lourens çayı üzərində yerləşən Kontrekör ərazisində yeni konteyner terminalı üçün quru infrastrukturun hazırlanması və idarə olunmasına dair birgə inkişaf sazişi imzalayıb.

"Seanews.az" xəbər verir ki, uzun illərdir planlaşdırılan layihə üzrə işlər bu il başlanacaq və terminalın 2030-cu ildə tamamlanması nəzərdə tutulur.

Razılaşmaya əsasən, "DP World Canada" qarşıdakı bir neçə ay ərzində liman administrasiyası ilə birgə terminalın dizaynını, həmçinin tikinti və istismar müqaviləsinin şərtlərini yekunlaşdıracaq. Müqavilə 2027-ci ildə başlanması gözlənilən quru işləri ilə qüvvəyə minəcək. Şirkət konteyner sahəsi, inzibati binalar, kommunikasiyalar və dəmir yolu bağlantısı da daxil olmaqla terminalın tikintisinə nəzarət edəcək və 40 illik istismar hüququna sahib olacaq.

Monreal Liman Administrasiyası 1980-ci illərdə Kontrekördə torpaq sahələri əldə etməyə başlayıb.

Liman rəsmiləri vurğulayır ki, Monreal adasında yerləşən mövcud terminallar 2024-cü ildə təxminən 1,5 milyon TEU yüklə işləyib və tezliklə tutum həddinə çatacaq. Kontrekördə nəzərdə tutulan yeni terminalın illik 1,15 milyon TEU yükdaşıma gücünə malik olması planlaşdırılır ki, bu da Monreal limanının konteynerdaşıma potensialını təxminən 60 faiz artıracaq.

Yeni terminalda iki dayanacaq, konteynerlərin idarəolunması və saxlanması üçün ərazilər yer alacaq. Kontrekördə yol və dəmir yolu şəbəkələri ilə inteqrasiya edilmiş əlaqələr sayəsində Monreal şəhərində də yük axınının daha səmərəli təşkili mümkün olacaq.

Tikinti planı hibrid model üzərində qurulub. Bu çərçivədə su hövzəsinə aid işlər liman və Kanada Sahil Mühafizəsinin məsuliyyətinə veriləcək, "DP World" isə quru infrastrukturuna cavabdeh olacaq. 

"DP World" bildirir ki, bu layihə şirkətin Monreal Limanına ilk girişi olacaq. Hazırda şirkət Kanadada altı liman obyektini idarə edir. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır