

İstanbul Universiteti: Arktikada artan gəmiçilik ekosistemi təhdid edir
2013–2023-cü illər ərzində Arktikada gəmi hərəkəti kəskin artıb. Bu proses regionda istixana qazlarının və karbon emissiyalarının çoxalmasına səbəb olub.
"Seanews.az" xəbər verir ki, bu barədə İstanbul Universitetinin hazırladığı hesabatda qeyd olunub.
Hesabatda bildirilib ki, iqlim dəyişikliyi ilə bağlı buzlaqların əriməsi Arktikanın qlobal ticarət marşrutlarında rolunu dəyişir.
Son on ildə qütb bölgəsinə daxil olan gəmilərin sayı 37% artaraq, 2013-cü ildəki 1 298-dən 2023-cü ildə 1 782-yə yüksəlib. Karbon tullantıları 2015-ci ildə 193 ton təşkil edib, 2020-ci ildə isə 199 tona çatıb. Bu il göstəricinin 204 tona yüksələcəyi gözlənilir. Hesabata əsasən, Şimal Dəniz Yolundan istifadə edən gəmilərin karbon emissiyaları 2050-ci ilə qədər 1,76 dəfə artaraq 5,5 milyon tona çata bilər.
NASA bildirir ki, Arktik buz örtüyü 1979-cu ildən bəri hər ay azalır. Modellərə görə, 2081–2100-cü illər arasında Şimal Qütbü bütün il boyu buzsuz qala bilər.
İstanbul Universitetinin Dəniz Elmləri İnstitutunun direktoru Cem Qazioğlu bildirib ki, dəniz nəqliyyatı qlobal karbon izinin təxminən 3%-ni təşkil edir və Arktika marşrutları açıldıqca bu pay daha da arta bilər. Onun sözlərinə görə, ticarət yollarının qısaldılması qısamüddətli yanacaq qənaətinə səbəb olsa da, gəmilərdən gələn emissiyalar Arktikanın kövrək ekosisteminə ciddi zərbə vurur.
Qazioğlu deyib ki, qərar qəbul edənlər iqtisadi və siyasi səbəblərdən Arktika keçidlərinə üstünlük verməkdən çəkinməlidirlər: “Arktika ekosistemi o qədər həssasdır ki, karbon kreditləri kimi üsullarla qoruna bilməz. Dövlətlər məsuliyyət üzərinə götürməlidir.”
Araşdırmanın həmmüəllifi İrsad Bayırhan isə vurğulayıb ki, buzlaqların əriməsi bölgədə dəniz fəaliyyətini artırıb və bu artımın davam edəcəyi gözlənilir. Onun sözlərinə görə, dayanıqlı gəmiçilik sistemi üçün bütün amillər nəzərə alınmalı, həm Arktika ekosistemi, həm də orada yaşayan canlılar qorunmalı, iqlim dəyişikliyinin təsirləri dərinləşdirilməməlidir.