

Qara dənizdə yük gəmisi naməlum partlayıcı qurğu ilə toqquşaraq zədələnib
Qara dənizin Çernomorsk limanı yaxınlığında Beliz bayrağı altında üzən “NS PRIDE” mülki yük gəmisi naməlum partlayıcı qurğu ilə toqquşaraq zədələnib.
“Seanews.az” xəbər verir ki, hadisə ötən gün baş verib.
Ukrayna Hərbi Dəniz Qüvvələrinin sözçüsü Dmitro Pletençukun “Suspilne” və “Dumska”ya verdiyi məlumata görə, gəmi hadisə zamanı yüklü olmayıb. O bildirib ki, gəmi yüngül zədələnib, korpusa su daxil olmayıb. Heyət üzvləri arasında xəsarət alan yoxdur.
İlkin ehtimallara görə, partlayış daha əvvəl vurulmuş rus istehsalı “Shahed” tipli pilotsuz uçuş aparatının partlamamış fraqmenti ilə bağlı ola bilər.
Ukrayna Hərbi Dəniz Qüvvələri vəziyyətin nəzarət altında olduğunu, Qara dənizdə naviqasiyanın təhlükəsizliyini təmin etmək üçün minalardan təmizləmə işlərinin fasiləsiz aparıldığını bəyan edib.
Qeyd edək ki, 1988-ci ildə inşa olunmuş “NS PRIDE” gəmisi 95 metr uzunluğa və 16 metr enə malikdir, daşıma qabiliyyəti isə 3 300 tondur.