Yaponiya Aktau limanında gömrük xidmətlərini rəqəmsallaşmağa dəstək verəcək
Yaponiya Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM, Orta Dəhliz) üzrə Aktau limanında gömrük xidmətlərinin rəqəmsallaşdırılmasına dəstək verəcək.
“Report”un yerli bürosunun məlumatına görə, bu barədə Qazaxıstanın Baş nazirinin müavini, xarici işlər naziri Murat Nurtleu Astanada yaponiyalı həmkarı Takaşi İvaya ilə danışıqların yekununda bildirib.
Yaponiya tərəfi ilə danışıqlar zamanı nəqliyyat-logistika sektoruna, nadir torpaq metallarının hasilatı və emalına, eləcə də bir sıra məsələlərdə əməkdaşlığa xüsusi diqqət yetirilib.
"Yaponiya hökuməti TBNM üzrə Aktau limanında gömrük xidmətlərinin rəqəmsallaşdırılmasına dəstəyini ifadə edib. Bundan əlavə, nüvə energetikası, nüvə yanacağının istehsalı və ixracı sahəsində əməkdaşlığın böyük perspektivləri var", - M.Nurtleu bildirib.
Ötən ilin yekunları üzrə, Qazaxıstan və Yaponiya arasında qarşılıqlı ticarət dövriyyəsi 2 milyard ABŞ dolları təşkil edib.