

ABŞ-də kömür daşıyan gəmidə partlayış baş verib
ABŞ-nin Merilend ştatında yerləşən Baltimor limanında Liberiya bayraqlı “W Sapphire” adlı kömür daşıyan quru yük gəmisində güclü partlayış baş verib.
"Seanews.az" xəbər verir ki, hadisə avqustun 18-də yerli vaxtla saat 18:30 radələrində, gəmi "Francis Scott Key" körpüsünün söküntü sahəsi yaxınlığında Pataps çayından keçərkən qeydə alınıb.
Məlumata görə, partlayış nəticəsində xəsarət alan olmayıb, 23 nəfərlik heyət sağ-salamatdır.
Baltimor Yanğınsöndürmə Departamentinin məlumatına görə, alov tamamilə lokallaşdırılıb. Hadisəyə həm qurudan, həm də sudan yanğınsöndürən bölmələr, eləcə də yedək gəmiləri cəlb olunub. Gəmi təhlükəsiz lövbər yerinə aparılaraq sahil mühafizəsinin nəzarətinə verilib.
ABŞ Sahil Mühafizəsi partlayışın səbəblərini araşdırır.
Mütəxəssislər xatırladır ki, kömür ən riskli yüklərdən biridir. Öz-özünə qızma, metan qazının toplanması və kömür tozunun alışması bu cür partlayışlara səbəb ola bilir. Beynəlxalq Dəniz Əmniyyəti qaydalarına əsasən, yüklənən kömürün temperaturu 55°C-dən yüksək olduqda qəbul olunmamalıdır və daşıma zamanı mütəmadi qaz ölçmələri aparılmalıdır.