

Helsinkidə bərənin göyərtəsindəki avtobus qəfildən alışıb
Finlandiyanın paytaxtı Helsinkidə bərə terminalına yaxınlaşan gəmidə yanğın baş verib.
"Seanews.az" xəbər verir ki, hadisə ötən gün axşam saatlarında Estoniyanın “Tallink Silja” gəmiçilik şirkətinə məxsus Ro-Pax tipli “Megastar” gəmisində qeydə alınıb. Belə ki, gəmi Helsinkinin Qərb terminalına yanaşmaq üzrə olarkən, göyərtədə olan avtobusda qəfil yanğın başlayıb.
Fövqəladə hallar xidməti əməkdaşları və xilasedicilər bütün sərnişinlərin təhlükəsiz təxliyəsini təmin ediblər.
Hadisəyə dair ilkin açıqlamada fövqəladə hallar rəsmiləri saat 01:00 radələrində yanğının yalnız avtobusu əhatə etdiyini, digər hissələrə yayılma riskinin aşağı olduğunu bildirib. Yerli KİV-in məlumatına görə, yanğın saat 03:00-da tamamilə söndürülüb.
Hadisənin səbəbləri ilə bağlı araşdırma davam edir.