

Sinqapur boğazında üzən gəmilərə hücumlar azalıb – SƏBƏB
İndoneziya Dəniz Polisinin bu ilin 9 iyulunda dəniz quldurlarını saxlamasından sonra Sinqapur boğazında gəmilərə hücum halları kəskin şəkildə azalıb. Son bir ayda yalnız bir yedək və barjaya qanunsuz minmə hadisəsi qeydə alınıb.
“Seanews.az” xəbər verir ki, bu barədə “ReCAAP” Məlumat Mübadiləsi Mərkəzi hesabat yayıb.
Hesabatda qeyd olunub ki, həbslərdən əvvəl boğazda gəmilərə qanunsuz minmə halları son onillikdə ən yüksək həddə çatmışdı. 2025-ci ilin ilk yarısında 79 hadisə, iyulun ilk həftəsində isə əlavə 11 hadisə baş vermişdi.
Bu ilinin 9 iyulunda İndoneziya Dəniz Polisi “Torm Elizabeth” tankerinə qanunsuz minməyə çalışan səkkiz şübhəlini saxlayıb. Daha üç nəfər isə sahildə həbs edilib. 24 iyulda ikinci bir dəstəyə qarşı da əməliyyat keçirildiyi və əlavə saxlanmaların olduğu bildirilir.
“Risk Intelligence” şirkətinin baş analitiki Tomas Timlen açıqlamasında bildirib ki, bu həbslər Sinqapur boğazında gəmilərə qanunsuz minmə hallarını əhəmiyyətli dərəcədə azaldıb. İlk həbslərdən sonra cəmi bir hadisə baş verib.
Analitik əlavə edib ki, əvvəlki illərdə edilən həbslər daha qısamüddətli (3 gündən 12 günədək0 sakitlik gətirib. Son illərdə ən uğurlu nəticə isə 2015-ci ildə əldə olunub: o zaman Karimun adasında bir dəstənin həbsindən sonra 139 gün ərzində heç bir hadisə baş verməmişdi.
Timlen hesab edir ki, Batam adasında fəaliyyət göstərən qalan dəstələrin də zərərsizləşdirilməsi bu il ərzində hücumların əhəmiyyətli dərəcədə azalmasına gətirib çıxara bilər. Bununla belə, o xəbərdarlıq edib ki, həmin şəxslərin bir qismi hələ də azadlıqdadır və boğazdan keçən gəmi operatorları anti-quldurluq tədbirlərini davam etdirməlidirlər.