

"HMM" donanmasını şaxələndirməyi planlaşdırır
Cənubi Koreyanın “HMM” gəmiçilik şirkəti bazardakı dəyişkənliyi idarə etmək üçün donanmanın çevik istifadəsi və sabit gəlir mənbələri üzərində qurulmuş strategiya həyata keçirməyi hədəfləyir.
“Seanews.az” xəbər verir ki, şirkət 2025-ci ilin ikinci rübündə 471 milyard von (təxminən 341,5 milyon ABŞ dolları) xalis mənfəət əldə edib. Bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 28,7% azdır. Eyni dövrdə gəlirlər 1,5% azalaraq 2,62 trilyon vona enib.
Məlumatda bildirilir ki, 2025-ci ilin ilk yarısında Şanxay Konteyner Daşıma İndeksi (SCFI) orta hesabla 1 701 bənd təşkil edib ki, bu da ötən ilin analoji dövründə qeydə alınmış 2 319 bənddən 27% aşağıdır. Bu, fraxt dərəcələrinin zəiflədiyini göstərir.
Şirkət bazar şəraiti ilə bağlı bildirib: “Tarif güzəşt müddətlərinin başa çatması və davam edən yenidən razılaşmalar bazar dəyişkənliyini artıracaq. Regional tələbatdakı dəyişikliklər isə təchizat zəncirində sıxlığın davam etməsinə səbəb ola bilər.”
Belə şəraitdə “HMM” əsas konteyner daşımaları fəaliyyətindən kənara çıxaraq donanma portfelini daha da şaxələndirməyi planlaşdırır.
Şirkətin açıqlamasına görə, strategiya çərçivəsində donanmanın çevik idarə olunması, uzunmüddətli müqavilələr (o cümlədən, bulk yüklər üçün COA – “Contract of Affreightment”) vasitəsilə sabit gəlir əldə edilməsi və gəmilərin səmərəliliyinin artırılması ilə xərclərin azaldılması nəzərdə tutulur.
Bu ilin sentyabrından “HMM” yeddi yeni avtomobil daşıyıcı gəmini istismara qəbul edəcək. Bundan başqa, dörd çoxməqsədli gəmi və iki MR tipli kimyəvi tanker də donanmaya əlavə olunacaq.
Şirkət bəyan edib ki, donanma portfelinin şaxələndirilməsi istiqamətində səylər davam etdiriləcək.