

Dünyada ilk dəfə “Təkrar Emala Hazır Gəmi” sertifikatı təqdim olunub
Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində yerləşən “GMS” şirkəti və Liberiya Reyestri dünyada ilk “Gəminin Təkrar Emala Hazır Olması haqqında Beynəlxalq Sertifikat”ı (IRRC) təqdim ediblər.
"Seanews.az" xəbər verir ki, bu sənəd gəminin ötən ay qüvvəyə minmiş “Gəmilərin Təhlükəsiz və Ətraf Mühitə Uyğun Təkrar Emalı üzrə Honq Konq Konvensiyası”na (HKC) tam uyğun şəkildə utilizasiya ediləcəyini təsdiqləyir.
Sertifikat Hindistanın Alang şəhərində yerləşən “Leela Responsible Recycling LLP” təkrar emal müəssisəsində utilizasiya olunacaq “R Pisces” gəmisinə verilib.
“GMS” şirkətinin baş treyderi Feydon Panayotopulos bildirib ki, Honq Konq Konvensiyası çərçivəsində təqdim olunan ilk IRRC sertifikatı gəmi təkrar emalı sahəsində mühüm addımdır: “Bu, düzgün hazırlıq, texniki bilik və maraqlı tərəflər arasında əməkdaşlıq sayəsində beynəlxalq tələblərə tam riayət etməyin və məsuliyyətli utilizasiyanın mümkünlüyünü nümayiş etdirir.”
“Leela Group”un baş direktoru Vişaal Rac Soni isə qeyd edib ki, ilk IRRC sənədi gələcəkdə gəmi təkrar emalına yanaşmada standart rolunu oynayacaq.
Hazırda Honq Konq Konvensiyası dünya gəmi donanmasının 57,15 faizini təmsil edən 24 dövlət tərəfindən ratifikasiya olunub. Konvensiyaya əsas bayraq dövlətlərindən olan Liberiya, Yaponiya, Marşall Adaları və Panama, eləcə də aparıcı təkrar emal ölkələri – Banqladeş, Hindistan, Pakistan və Türkiyə qoşulublar.
Sənəd gəmi təkrar emalı prosesində təhlükəsizlik, ətraf mühitin mühafizəsi və şəffaflıq prinsiplərinə əsaslanan tələbləri müəyyənləşdirir. Qaydalara görə, utilizasiyaya göndərilən gəmilər Təhlükəli Materialların Siyahısını təqdim etməli, təkrar emal müəssisələri isə hər gəmi üçün ayrıca Təkrar Emal Planı hazırlamalıdır.
Qeyd edək ki, Konvensiya çərçivəsində gəmilərin çimərlik sahillərində (“beaching”) sökülməsi praktikası qadağan olunmur.