

Çin dünyanın ən böyük gəmiqayırma şirkətini qurmağa hazırlaşır
Çinin iki nəhəng gəmiqayırma müəssisəsi – Çin Dövlət Gəmiqayırma Şirkəti (CSSC) və Çin Gəmiqayırma Sənayesi Şirkəti (CSIC) birləşmək üzrədir.
"Seanews.az" xəbər verir ki, Şanxay Birjası bu strateji birləşməni artıq rəsmi olaraq təsdiqləyib.Lakin birləşmənin tam həyata keçməsi üçün əlavə təsdiqlər tələb olunur.
2024-cü ildə açıqlanan müqaviləyə əsasən, CSSC CSIC-in səhmdarlarına A tipli yeni səhmlər təqdim edəcək. Bu əməliyyatın ümumi dəyəri 115,2 milyard yuan (təxminən 16 milyard ABŞ dolları) təşkil edir və bu, hər iki şirkətin ümumi aktivlərinin yarıdan çoxuna bərabərdir.
Birleşmədən sonra CSIC birjadan çıxarılacaq və bütün aktivləri, öhdəlikləri, müqavilələri və işçiləri CSSC-yə keçəcək.
"Alphaliner" analitik şirkətinin məlumatına görə, bu birləşmə nəticəsində yaranacaq yeni nəhəng strukturun ümumi aktivləri təxminən 400 milyard yuan (56 milyard dollar), illik gəliri isə 130 milyard yuan təşkil edəcək. Bu göstəricilərlə o, dünya gəmiqayırma sənayesində lider mövqeyə yüksələcək.
"Clarksons Research" məlumatına əsasən, birləşən şirkətlər 2024-cü ildə 257 gəmi (28.61 milyon DWT) üçün sifariş alıb. Bu, qlobal sifarişlərin təxminən 17%-nə bərabərdir.
Yeni qurulacaq birgə müəssisə yenə CSSC adı ilə fəaliyyətini davam etdirəcək və "China State Shipbuilding Group" onun təxminən 49%-lik səhmdar payına sahib olacaq.